Sudan Suverenlik Şurasının sədri və Ordu komandanı general Əbdülfəttah əl-Burhan dünən Sudan ordusunun Kordofan və Darfurda Çevik Dəstək Qüvvələrinin (ÇDQ) nəzarəti altında olan bütün əraziləri geri almaqda qərarlı olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, general Burhan deyib: “Çevik Dəstyək Qüvvələrini Sudandan qovacağıq və haqlı olduğumuz müddətcə qələbə bizim olacaq. Bu müharibəni şərəflə və heç bir xarici müdaxilə olmadan davam etdirməkdə qərarlıyıq”.
General Burhan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salmana Sudanda sülhə nail olmaq səylərinə görə təşəkkür edib. General Burhan bildirib ki, vəliəhdin ABŞ prezidenti Donald Trampla görüşü Sudanda baş verənlərin əsl mənzərəsini aydınlaşdırıb. General Burhan, mövcud müharibədən çox əziyyət çəkən Sudan xalqının Səudiyyə Ərəbistanı vəliəhdinin səylərini alqışladığını və qiymətləndirdiyini bildirərək deyib: “Bu təşəbbüs ölkəmizi dağıntı və bölünmədən xilas etmək üçün bir fürsətdir. Qırmızı dənizin təhlükəsizliyi hər kəs üçün vacib olduğundan, biz bu təşəbbüsə etibar edirik və onu həqiqətin və regionun səsi kimi görürük”.
General Burhan, ÇDQ-nın ikinci komandiri Əbdürrəhim Daqaluya dəstək verən qəbilə liderlərini və bələdiyyə başçılarını rasional davranmağa və övladlarını “bu cəhənnəmə” göndərməməyə çağırıb və qeyd edib ki, bu qəbilələrdən olan bir çox gənc müharibədə həlak olub.