Göygölə gəl, Göygölə: 2 manatlıq giriş, sınıq qayıq, 17 manatlıq çay dəsgahı

11:26 29.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir mahnı var – bu məktubu alan tək, biz tərəfə bir baş çək- Göygölün şəninə yazılan nəğməni deyirəm. Yayın atəşli “məktubu”nu alan kimi üzü Hacıkənd-Gəncə tərəfə yollanırıq. Çoxdandır buralarda olmamışdıq. Bu dəfə hafta.az-ın obyektivindən baxacağıq əsrarəngiz təbiət gözəlliyinə. Çınqıllı-daşlı yollarla bizi adıçəkilən ünvana aparan avtomobil çınqıllı-daşlı yollarla üzərində “Kəlbəcər 80 km” yazısına qədər gətirib çıxarır. Uzaqdan Kəpəz görünür. Bir əlçim buludun arxasından bəri baxır. Bizə...

Hacıkəndi keçəndən sonra havanın sərinliyi tərli bədənimizin qapılarını döyür. Avtomobildən düşüb “qapımızı döyən qonağı” obrazlı desək, ciyərlərimizə qonaq edirik. Elə bu vaxt telefonumuza ismarış gəlir. Müdafiə Nazirliyindəndir: “Yaxınlıqdakı hərbi hissə haqqında telefonla danışmayın. Düşmən eşidir. Şəkil də çəkməyin”. Məğz təxminən belədir. Yenə yol başlayırıq. Yol demişkən, Göygölə qalxan asfalt cığırın örtüyü dəyişdirilir. Yenilənir.

Adamın biri 2 manat...

Çatmışıq. Qarşımızda səd var. Avtomobildə 5 nəfərik. Bir də azyaşlı uşaq... Şlaqbaumu qaldırıb-endirən oğlan deyir ki, adamın biri 2 manatdır. 11 manat verib keçirik. Əvəzində 5 ədəd bilet verirlər. Amma maşınla yox, payi-piyada. Fəqət, bəzi mülki avtomobillər keçir. Səbəbini soruşanda təbəssüm edib susurlar. Avtomobili kollarla çəpərlənmiş bir məkanın kənarında saxlayırıq. Biletləri də avtomobillərə baxan kişiyə veririk.

17 manatlıq çay dəsgahı...

Şəkil çəkdirib sosial şəbəkələrdə yerimizi bəlli etdikdən sonra kəklikotlu çay içmək üçün yüksək səviyyədə düzəldilmiş masalara yaxınlaşırıq. Hər stolun üstündə Göygöl menyusu var. Samovar çayı 20 manatdır. Qəndlə bir çaydan çay isə 5 manat. Əgər çayın yanında “plitka şokolad” və mürəbbə istəsəniz 17 manat... Hətta -17 manat?- deyib təccüb edəndə ofisiantlar belə utanaraq –bizlik deyil – cavabını verirlər. Gəncəbasar bölgəsi üçün bu böyük məbləğdir. Onsuz da adıçəkilən istirahət guşəsinə yaxın ətraflardan gələnlər daha çox üstünlük təşkil edir. Onlar da qiymətlərdən narazıdırlar. Çox vaxt özləri ilə yolboyu “Fanta”, “Cola” butulkalarına doldurduqları bulaq suyu ilə kifayətlənmək məcburiyyətində qalırlar.

Dəvəsi dirilmiş ərəblər...                                                       

Bir zamanların “dəvəsi ölmüşləri” indi dirilib. Təkcə paytaxtımıza deyil, əyalətlərimizdəki səfalı guşələrə də ayaq açıblar. Yerli turistlər deyir ki, əvvəl buralarda çay 2 manatdan artıq olmayıb. Elə ki, ərəb ayağı Göygölə dəyib, qiymətlər də dəvənin belinə qalxmağa başlayıb. 5 olub, 10, 10 da olub 20...

Təmas yoxdur...

Ağsu zəlzələsinin 7 mirvarisindən biri olan Göygölün kənarı dəmir barmaqlıqlarla – məhəccərlərlə haşiyələnib. Mavi-yaşıl sulara əl vura, toxuna bilmirsən. Kənarda isə bir qayıq var. Çayçıdan nə işə yaradığını soruşuram. Deyir ki, sınıqdır. Başqa bir turist yan masadan dillənir:

-Düzəldən də yoxdur. İşləsə belə hər adamın sürəcəyi bir şey deyil. İmkanlıların balaları üçün idi. Xarab oldu, atıb çıxıb getdilər.

Başqa bir nəfər deyir ki, xeyr, qoruğun öz qayığıdır. Sadəcə təmirə ehtiyacı var.

Əgər burada qayıq turu təşkil edilsəydi, hər tur üçün adambaşı bircə manat ödəniş edilsəydi, görün nə qədər gəlir mənbəyi deməkdir. Görünür, yada düşməyib.

“İsti kavaf, yağlı fətir...”

Gəzib gözümüzün qurdunu “öldürdükdən” sonra aşağı düşürük. Nahar vaxtıdır. Göygöldən giriş qapısına elektrikli maşınlar işləyir. Pullu xidmətdir. 800 metrlik məsafəni qalxıb-düşməyə 5 manat alırlar. Sizcə də baha deyilmi? Əlimdəki zibili qutuya atmaq istəyərkən qapağı düşür. Baxıram ki, qutunun təkcə qapağı sınıq deyil, heç altı da yoxdur. Sınıqdır. Üzünün görkəmi isə adam aldadır. Bir çox zibil qutularının aqibəti bu cürdür. İnsafən, təzələri də quraşdırılıb. Ayaqyolulara isə söz ola bilməz. İraq süfrədən, hamısı əla vəziyyətdədir.

...Yoxuşu qalxdıqdan sonra enişə düşürük. Taxtadan düzəldilmiş talvarlar, “domka”lar... Kababın qiymətini soruşuruq. Yaxınlıqda kabab çəkən kişidən manqalının olub-olmadığını soruşuruq. Kabab çəkməyə icazə vermirlər – deyir. Bəs siz nə edirsiniz? – soruşanda – kilosu 15 manat- deyir. Vəziyyəti başa düşüb kətələrin üstünə şığımaq istəyirik. Hava bizi elə acdırıb ki, qarın qurultusundan yallı getməyimiz gəlir. Qarın qutabı 3, göy qutabı 2 manat 50 qəpik. Gəncəlilər qutaba kətə deyirlər, bunu da yadınızdan çıxarmayın. Kəllə-paça qiymətləri görüb, Aşıqlı kəndi tərəfdə kabab süfrəsinə otururuq. Burada qiymətlər Göygöl həndəvəri ilə müqayisədə çox ucuzdur. 20 manata 2-3 nəfər qarnını doyura bilər.

Yeməyi burada qoyub qayıdaq Göygölə. Uşaqları da unutmayıblar. Əyləncə parkı quraşdırıblar. Giriş və istifadə pulsuzdur. Uşaqların səsi bülbüllərin cəhcəhinə qarışsın, sən də təmiz havanı ciyərinə çəkə-çəkə üzü Kəlbəcərə sarı bax... Hava məsafəsi heç 40 kilometr də deyil. Sarıyelin havası burnunuzu gicikdirəcək...

Avtomobilimizə minib maqnitofonu qoşuruq. Şahnaz Haşımovanın “Göygöl” ansambılı “Göygölə gəl, Göygölə” deyir. Yolda maşını saxlayıb kəklikotudan, qırxbuğumdan, qaymaqçiçəyindən, qantəpərdən alıb yolumuza davam edirik. Bir dəstəsi bir manatdır. Yoxlayın, hansının dəstəsi böyükdürsə, onu götürün...