Gözəllik salonu üçün vergi necə hesablanır?

13:31 22.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- İlk növbədə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmaq lazımdır. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Onu da bildiririk ki, sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"i almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.

Oxunma sayı 3117