Gülcülük təsərrüfatının bu günü - Reportaj

12:46 01.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda sözün əsl mənasında çiçəklənmə dövrünü yaşayan gülçülük sahəsi bir zamanlar olduqca populyar idi. Sovet dönəmində bitkiçilik təsərrüfatı xüsusən də Bakı kəndlərində - Maştağa, Zabrat, Bilgəh, Mərdəkan, Nardaran ərazilərində daha geniş vüsət almışdı.

Bu yolla, demək olar ki, bütün SSRİ güllə təmin olunurdu. Hazırda da bəzi bölgələrimizdə, həmçinin Bakının bir sıra kəndlərində hələ də gülçülüklə məşğul olan sahibkarlar var. Sahə əvvəlki qədər məşhur və inkişaf etmiş olmasa da, get-gedə keçmiş rəğbətinə qayıdır. Bəs görəsən, gülçülük plantasiyaların mövcud durumu necədir? Fəaliyyətləri necə təşkil olunur?

Toxumlar Türkiyə və Avropadan gətirilir

Hafta.az-ın əməkdaşı bu suallara elə yerində cavab tapmaq üçün ölkənin ən böyük gülçülük plantasiyalarından biri olan olan "Zirə Gülçülük MMC"nin qonağı oldu.

Plantasiyada gözoxşayan rəngarəng çiçəklər və onların bihuşedici qoxusu içəri girər-girməz bizi ilk qarşılayanlardandır. Ətirli çiçək kollarından qurulmuş keçidin müşayiəti ilə istixanalara baş çəkdik. Burada hər rəngdə və hər növdə çiçəklərə rast gəlmək mümkündür. Xüsusi diqqət tələb edən bu həssas bitkilər, havalandırma, süni yağış və işıqlandırma kimi sistemlərlə təchiz edilmiş istixanalarda saxlanırdı.

Plantasiyanın fəaliyyəti və digər bizi maraqlandıran suallar ilə bağlı həmsöhbətimiz isə mağaza müdiri və bitki mütəxəssisi Rufan Əmiraslanov oldu.

O söylədi ki, bu sahə ölkəmizdə bir qədər yeni sayılsa da, Bakı kəndlərində, demək olar ki, hər zaman gülçülüklə məşğul olunub. Məhsullar, əsasən, Rusiya bazarlarına çıxarılıb. Hazırda isə toxumlar Türkiyədən və bir sıra Avropa ölkələrindən tədarük edilir:

"Ümumilikdə, bitkilər 3 üsulla - şitil, toxum və kök sistemindən ayırmaq yolu ilə yetişdirilir. Biz son zamanlar toxumları Türkiyədən alırıq, lakin toxumlara elə də bel bağlamırıq. Səbəb ondan ibarətdir ki, toxumun çıxmaq faizi dəyişəndir. Bəzən elə olur ki, səpilən toxumun 80%-i, bəzən 20%-i çıxır... Bu gün bitki toxumlarının satışı ilə məşğul olan çox sayda firma mövcuddur. Üzərində "F1" sözü yazılmış toxum ən keyfiyyətli növ sayılır. Bizdə, əsasən, bitkilər çiling vurmaq yolu ilə artırılır».

500-ə yaxın bitki çeşidi

Yeri gəlmişkən, hazırda “Zirə” Gülçülük MMC-də 500-ə yaxın bitki çeşidi mövcuddur. Həmin bitkilər də özlüyündə 3 hissəyə ayrılır.

1. Bayır bitkilər - dekorativ kollar, ağaclar.

2. Ev bitkiləri - ağacsayağı, gül açan və gül açmayan.

3. Mövsümi - güllü-çiçəkli bitkilər.

Müsahibimizin sözlərinə görə, plantasiyada, həmçinin xarici sortlar çoxaldılaraq yerli iqlimə uyğunlaşdırılır. Gülçülük sahəsində satışların daha da artdığı dövr isə  əsasən yaz-payız mövsümləridir. Bir də xüsusi günlərdə sahə bir qədər canlanır. Kol və yaşıllıqlar isə demək olar ki, hər zaman alınır:

"Satışlara şaxta da təsir göstərir. Bu il 8 dərəcə şaxta müşahidə edildi. Bəzi bitkilər davam göstərmir deyə, tələf olur".

Hansı bazarlara çıxırıq

Sən demə,  "Bitki, ancaq yaz və payızda əkilə bilər" fikri heç də doğru deyilmiş. Belə ki, dibçəkdə olan bitkini ilin hansı fəsli olur-olsun, əkmək mümkündür. Burada xüsusi məqam doğru qulluq etməyi bacarmaqdan ibarətdir.

Hə, bir də digər sahələrdən fərqli olaraq, pandemiya şəraiti bitkiçiliyə mənfi təsir göstərməyib. MMC-nin rəsmisi bununla bağlı fikir bildirərkən qeyd etdi ki, pandemiya ilə əlaqədar xarici bazarlara çıxış məhdudiyyəti olsa da, bu dövr daxili bazarda canlanmaya gətirib çıxardı:

"Pandemiya təzə başladıqda daha çox öz mənfi təsirlərini göstərdi. Get-gedə vəziyyət yaxşıya  doğru dəyişməyə başladı. Evdə qalan insanlar bitki əkib-becərməyi bir növ trendə çevirmiş oldular. Beləcə, daha çox balkon çiçəkləri, bitkiləri satılmağa başlandı. Hazırda ən böyük məqsədimiz məhsullarımızı xarici bazarlara çıxarmaqdır. Bizim maraq dairəmiz Rusiya və Gürcüstan bazarlarıdır. Eyni zamanda, Qazaxıstan, Türkmənistan, Özbəkistan da bu gün yenidənqurma işlərinə, bitkilərin əkilməsinə üstünlük verən dövlətlərdəndir".

"Çiling vurmaq" üsulu

R.Əmiraslanov "çiling vurmaq" üsulu ilə bitki çoxaldılmasının və yerli iqlim şəraitinə uyğunlaşdırılmasının üstünlüklərindən də bəhs etdi:

"Hazırda ən böyük məqsədimiz toxumlardan yetişən bitkidən daha sonra çiling əldə edib bu üsulla çoxaltmaqdır. Bir həmişəyaşıl böyükhəcmli ağacdan 100-200 yeni bitki əldə etmək mümkündür. Misal olaraq deyə bilərəm ki, "Leylandra" həmişəyaşıl ağac növü olub, Abşeron yarımadasında davamlıdır. Digər həmişəyaşıl ağac növləri arasında üstünlüyü ondan ibarətdir ki, toz vermir. Leylandralar əkildikdən sonra 8-12 metrə qədər boy atır və xüsusi dekorativ gözəllik bəxş edir".

Nəzərinizə çatdıraq ki, plantasiyada  əkin prosesi bazara uyğun aparılır. Tələbatın daha çox nələrə olduğu öncəki təcrübələrdən müəyyən edilir. Əkin prosesi daha çox qışda həyata keçirilir ki, bitki yaza hazır olsun. Bundan başqa, dövlət tərəfindən bu fəaliyyət növünə heç bir dəstək olunmadığı qurum rəsmisi tərəfindən bildirildi.

Hər bitkinin öz xarakteri

Hər bir bitkinin öz xarakteri və həssaslıq dərəcəsi var. Elə bu səbəbdən, onlarla bu işi bilən mütəxəssislər məşğul olmalıdır. Əbəs deyil ki, rəhbərlik sahə üzrə peşəkar mütəxəssis yetişdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə əməkdaşlıq üçün müraciət edib. Həmçinin yaxın gələcəkdə tələbələrin praktika müddətini burada keçməsi üçün bütün şərait yaradılıb.

"Əvvəllər mütəxəssis üçün Hollandiya və başqa ölkələrə müraciət edirdik. Son zamanlar özümüz öz kadrlarımızı yetişdirməyə başladıq".

Bitkinin qiyməti onun növü, yaşı və formasına görə fərqlənir. Plantasiyada bitkilər 0.50 qəpikdən başlayaraq 5000 manata qədər dəyişir.

"Gül və digər dekorativ kol-ağac növlərinin xüsusi diqqət tələb edən çeşidləri vardır. Biz əsasən yenicə bitki yetişdirməyə başlayan müştərilərə həssas növləri məsləhət görmürük. Bu sahədə konsultasiya çox önəmlidir. İlk başlayan adam üçün bitki növləri 3 hissəyə bölünüb:

1. Qeyri-həssas.

2. Orta həssas.

3. Həssas.

Ən həssas bitkilər daha çox gül açanlar və gözəl olanlar hesab edilir. Bunlara da misal kimi, orxideyanı göstərmək olar".

Tələbat daha çox...

Bu gün mağazaya çıxarılan çiçəklər arasında tələbat daha  çox orxideya, anturium, spatifilyumadır. Plantasiyada meyvə ağacları yetişdirilməsə də, yaxın gələcəkdə onların dibçəklərdə hazırlanması nəzərdə tutulur.

Söhbət  gözoxşayan çiçəklərə gəldikdə, onların gözəl və həssas qadınlarla müqayisə edilməsi təsadüfi deyil. Xarakterik xüsusiyyətləri ilə seçilən çiçəklərin bəziləri qoxusu vasitəsilə müsbət aura yaradır, bir qismi isə  nikotini,  havanı təmizləyir.