Azərbaycan 2020-ci ildə 44 gün çəkən müharibədə Ermənistanı və erməni separatçılarını məğlub etdi. Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra Xankəndini itirmək təhlükəsi ilə üzləşdi.
Bu fikirləri hafta.az-a 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması ilə bağlı mövcud durumu şərh edən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət etdi. Şuşa azad edildikdən sonra Paşinyan Rusiyanın hazırladığı bəyanatı qəbul etmək məcburiyyətində qaldı. Müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”.
Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı, beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən, qış ayları yaxınlaşdığına görə işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirlməsinə razılıq verildi. İkincisi, Azərbaycan Ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Azərbaycan ordusu həm Dağlıq Qarabağın ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu. Buna baxmayaraq, Qarabağla bağlı görüləcək işlərimiz var. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərksilah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi hədəflərimiz var.