Həftənin MƏRHUMU- Həftə-reytinq

17:40 15.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib. Qeyd edək ki, italiyalı siyasətçi aprelin 5-i xəstəxanaya yerləşdirilmiş və orada pnevmoniyadan müalicə almışdı. O, mayın 19-u evə buraxılmışdı. Xatırladaq ki, Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.

 

Həftənin CƏZASI

Ağır atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək. Bunu Azərbaycan Ağır Atletika Federasiyası İdarə Heyətinin üzvü Anar Hüseynov deyib. O bildirib ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı edilən vəhşilik ermənilərin hələ də nəinki sülhə, ümumiyyətlə heç nəyə, xüsusilə də hansısa böyük idman yarışını təşkil etməyə hazır olmadığını sübut etmişdi.

 

Həftənin XƏBƏRDARLIĞI

“Üçüncü Dünya Müharibəsi baş verərsə, qalib olmayacaq”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi jurnalistlərlə görüşü zamanı deyib. “Üçüncü Dünya Müharibəsi baş verərsə, qalib olmayacaq. O cümlədən ABŞ-nin simasında da qalib olmayacaq. Birləşmiş Ştatlar Ukraynada münaqişənin kəskinləşməsindən qorxmadığını iddia edir. Lakin oradakı sağlam düşüncəli insanlar işi Üçüncü Dünya Müharibəsinə aparmaq istəmirlər”, - deyə Putin bildirib.

 

Həftənin QALİBİ

UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçirilib. Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər. Oyun 1:0 hesabı ilə "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb. Bununla da "Mançester Siti" ilk dəfə Çempionlar Liqasının qalibi olub.

 

Həftənin AVTOMOBİLİ

 

Türkiyənin əfsanəvi müğənnisi, Anadolu rok və pop ustadı Barış Mançonun avtomobili Belçikada saxlanılır. B. Manço vəfat etməmişdən əvvəl onu özü Belçikada qoyub ölkəsinə qayıdıb. Artıq 24 ildir qarajda saxlanılan avtomobil hələ də Türkiyəyə gətirilməyib. Barış Manço yanvarın 2-si 1943-cü ildə İstanbulda anadan olub. O, fevralın 1-i 1999-cu ildə İstanbulda vəfat edib.

 

Həftənin MÜHAFİZƏÇİSİ

Böyük Britaniyanın paytaxtı Londonda parad məşqində 3 mühafizəçi isti hava səbəbindən huşunu itirib. Hadisə ilə bağlı Uels şahzadəsi Uilyam “Tvitter” hesabından açıqlama verib. O, istiyə və çətin şərtlərə baxmayaraq, xidmət edənlərə təşəkkür edib. Qeyd edək ki, Londonda havanın 30 dərəcəyə çataraq ilin ən yüksək temperaturunu keçdiyi bildirilir.

Oxunma sayı 154