Həftənin SƏFİRİ - Həftə-reytinq

09:31 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağ Ev ABŞ-nin Azərbaycandakı yeni səfiri postuna namizəd irəli sürüb. Bu barədə məlumat Ağ Evin saytında yer alıb. Bildirilib ki, sözügedən vəzifəyə Virciniya ştatından Aleksandr Aldenin namizədliyi irəli sürülüb. Təyinat təsdiqlənməsi üçün Senata göndərilib. Xatırladaq ki, ABŞ-nin Azərbaycandakı daha əvvəlki səfiri Mark Libbi idi.

 

Həftənin TƏBRİKİ

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. “Telefon danışığı zamanı Ali Avrasiya İqtisadi Şurasının mayın 29-da Astanada keçirilmiş iclasının yekunları müzakirə olunub”, - məlumatda deyilir. Putin söhbət zamanı Ermənistan Baş nazirini ad günü münasibətilə də təbrik edib.

 

Həftənin KONSERTİ

Dünyaca məşhur reper Trevis Skottın İstanbulda keçirilən konserti tədbirdən sonra geniş müzakirələrə səbəb olub. Bilet qiymətlərinin bəzi kateqoriyalarda 50 min türk lirəsinə qədər (təxminən 1851 manat) yüksəldiyi konsertdə reperin səhnədə cəmi 20 dəqiqə qalması tamaşaçıların narazılığına yol açıb.

 

Həftənin QADAĞASI

Tunis millisinin üzvü Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib. Bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb. O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib.

 

Həftənin QAZANCI

Texnologiya nəhəngi “Dell Technologies”in səhmlərinin kəskin bahalaşması şirkətin təsisçisi və baş direktoru Maykl Dellin sərvətini bir gündə 35,8 milyard dollar artırıb. Şirkət səhmləri birjada 32,1 faiz yüksələrək tarixinin ən uğurlu ticarət gününü yaşayıb. Bununla da Maykl Dellin xalis sərvəti 245,9 milyard dollara çatıb və o, dünyanın ən varlı şəxsləri siyahısında ön sıralara yüksəlib.

 

Həftənin İNFLYASİYASI

İranda istehlak qiymətləri indeksi may ayında keçən ilin eyni ayı ilə müqayisədə 77,2%-ə çatıb. Bu göstərici aprel ayı ilə müqayisədə 8,5% çox olub. Əczaçılıq məhsulları, taksi qiymətləri, tütün məmulatları, rabitə xidmətləri kimi gündəlik və ümumi istehlak malları seqmentində inflyasiya illik müqayisədə 113,8% artıb. İranda inflyasiya yalnız 1942-ci ildə yüksək səviyyəyə çatıb.