Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib. Geoloq Birinci Fəxri xiyabanda dəfn olunub. Qeyd edək ki, X.Yusifzadənin adı Azərbaycanın neft-qaz sektorunun tarixinə qızıl hərflərlə yazılıb. Xəzərdə bir çox məşhur yataqların aşkarlanması məhz onun adı ilə bağlıdır. Allah rəhmət eləsin!
Həftənin YOL NİŞANI
İşğaldan azad edilən Xankəndi şəhərində yol kənarında Azərbaycan dilində qoyulmuş Xankəndi lövhəsinin fotosu yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım olunub. Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib: “Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının ərazisində yerləşən yeni inşa edilmiş və mövcud olan bütün avtomobil yollarının kənarlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaşayış məntəqələrimizi və bu məntəqələrə qədər olan məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır və zərurət yarandıqca da quraşdırılacaq”.
Həftənin TERRORÇUSU
Dünyaca məşhur “Gucci” brendinin reklam simalarından biri olan erməni model Armine Harutyunyan “VoMa” terror təşkilatına qoşulub. Bu barədə məlumatı model terror təşkilatının kanalına müsahibəsi zamanı açıqlayıb. Bildirilir ki, Harutyunyan silahla atış məşqlərinə başlayıb. O, müsahibəsində “VoMa”nın Azərbaycana hücum edəcəyini qeyd edib.
Həftənin İLKİ
ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti vəzifəsindən kənarlaşdırılıb. ABŞ tarixində ilk dəfə Nümayəndələr Palatasının üzvləri spikerin vəzifədən azad olunmasına səs veriblər. Palata üzvləri buna səbəb kimi spikerin qanun layihəsinin qəbulunu ləngitməsini əsas gətiriblər. Qeyd edək ki, ABŞ tarixində ilk dəfə palata üzvləri spikeri vəzifədən azad edir.
Həftənin QƏLƏBƏSİ
Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. A, B, C və D qruplarında ümumilikdə 8 oyun baş tutub. Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. 5 qolun vurulduğu oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər matçında “Bavariya” Danimarkada “Kopenhagen”i məğlub edib.
Həftənin XEYRİYYƏÇİSİ
Məşhur "Rolling Stones" qrupunun solisti 80 yaşlı Mik Caqqer mirası ilə bağlı açıqlama verib. O, təqribən 500 milyon olan sərvətini xeyriyyə təşkilatlarına bağışlayacağını deyib. Mik Caqqer övladlarının pula ehtiyacı olmadığını əsas gətirib. Qeyd edək ki, Caqqerin 8 övladı var.