Həftənin OĞRUSU - Həftə-reytinq

12:10 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Zellandiyada “Yaşıllar” Partiyasından olan deputat Qolriz Qahraman Oklənd və Vellinqtondakı mağazalardan üç dəfə oğurluq edib. Millət vəkilinin Oklənddəki dəbdəbəli butikdən dizayner çantasını oğurladığı görüntüləri əks etdirən kadrlar təhlükəsizlik kameralarında qeydə alınıb. Bundan sonra o, hərəkətlərinə görə məsuliyyəti üzərinə götürüb və istefa verib. Millət vəkili işi ilə bağlı keçirdiyi gərginlik səbəbindən bu hərəkəti etdiyini söyləyib.

 

Həftənin İMTİNASI

Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının rəhbəri postuna müraciət etməkdən imtina edərək, Avropa hakimiyyət orqanlarında işləməkdə maraqlı olmadığını bildirib: “Heç bir partiyanın Avropa mövqeləri üçün  ambisiyası yoxdur. Biz milli siyasətçilərik və inanırıq, çağırışımız, işimiz və gələcək işlərimiz Macarıstandadır”.

 

Həftənin XƏSTƏSİ

ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb. Bu barədə Pentaqon məlumat yayıb. Xatırladaq ki, Ostində prostat xərçəngi aşkarlanıb. O,  Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alırdı.

 

Həftənin MÜSAHİBİ

Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə jurnalistlərə müsahibə verib. Putinin illərdir gözdən uzaq saxlanılan 38 yaşlı qızı dekabrın 16-da müsahibə versə də, videomüsahibə iki gün öncə yutub kanalında yayımlanıb. O, 42 dəqiqəlik müsahibəsində atası barədə danışmayıb, özü və ailəsindən söz açıb: “Həftədə, ən azı, bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir. Rəsmlər, muzeylər, teatrlar, musiqi... ”.

 

Həftənin İŞSİZİ

İtaliyanın “Roma” klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla birlikdə bütün məşqçi heyəti ilə olan müqavilələrə də xitam verilib. Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırırdı. İtaliya millisinin sabiq futbolçusu Daniele de Rossi “Roma”nın yeni baş məşqçisi olub.

 

Həftənin MAŞASI

“Hürrəm Sultan” obrazı ilə tanınan Türkiyənin məşhur aktrisası Məryəm Üzərli ailə üzvləri ilə birlikdə qızının 3 yaşını qeyd edib. O, doğum günündə “Maşa” obrazı ilə diqqət çəkib. Məşhur cizgi filmi qəhrəmanı kimi geyinən və saçlarını sarıya boyayan aktrisa ad günündən olan fotoları sosial şəbəkə hesabında paylaşıb.  “Ad günün mübarək, sevgim mənim! Hamımız səni çox sevirik!” – o yazıb.

Oxunma sayı 63