Həftənin QALİBİ - Həftə-reytinq

18:45 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçi Murad Məmmədov (63 kiloqram) qızıl medal qazanıb. Murad Məmmədov finalda ukraynalı Oleksandr Xruşinə 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib. Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.

 

Həftənin ALQIŞI

Türkiyəli güləşinin əfsanələrindən olan Rza Kayaalp Rumıniyada keçirilən Avropa çempionatındakı hərəkəti ilə diqqət çəkib. O, qitə birinciliyinin yarımfinalında Azərbaycan idmançısı Beka Kandelaki ilə üz-üzə gəlib. Görüşdə qalib gələn Rza Kayaalp idmançımızın geyimindəki Azərbaycan bayrağını öpüb.

 

Həftənin TƏYİNATI

Xankəndi şəhərinə polis rəisi təyin edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Zaur Nəsirov gətirilib. Z.Nəsirov, eyni zamanda, Xankəndi şəhərinin komendantı təyin edilib. O, Xankəndi Şəhər Polis Şöbəsinə rəis təyin olunmazdan əvvəl, eyni vəzifəni Göygöldə daşıyıb. DİN-in mətbuat xidmətindən saytımıza məlumat təsdiq edilib.

 

Həftənin ÜZRÜ

Argentina Prezidenti Xavyer Miley Roma Papası Fransiskdən əvvəllər onun barəsində xoş olmayan ifadələr işlətdiyinə görə üzr istəyib. Miley bunu İtaliyaya səfəri zamanı Vatikanda Papa ilə görüşündə deyib. O, Fransisk barədə keçmiş açıqlamalarını gənclik səhvi adlandırıb: “Sizi yer üzündə ən zərərli olanların nümayəndəsi adlandırdığıma görə üzr istəyirəm. Hər kəsin etdiyi gənclik səhvi olur”.

 

Həftənin UĞURU

Beş dəfə evlənən Türkiyənin məşhur televiziya siması və aktyoru Cem Özer açıqlamaları ilə gündəmə gəlib. Özer sonuncu həyat yoldaşı Pınar Dura ilə birlikdə Özlem Esra Adanın aparıcılıq etdiyi “Pembe Masa” adlı proqrama qonaq olub: “Ən böyük uğurum boşanmaqdır. İki uşağımın anası ilə eyni evdə həyat yoldaşı ola bilmədim, amma boşandıqdan sonra çox yaxşı dost olduq. Ona görə uşaqlarım belə xoşbəxtdir”.

 

Həftənin QAYIDIŞI

Azərbaycanda da böyük maraqla izlənilən “Kurdlar vadisi” teleserialı yenidən yayımlanacaq. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, ekran işində yenə baş rolu Necati Şaşmaz canlandıracaq. Serialın yayıma nə zaman başlayacağı hələlik açıqlanmayıb. “Kurtlar vadisi pusu”nun davamı olduğu bildirilən yeni serialın Acun Ilıcalının sahibi olduğu “Exxen”də yayımlanacağı iddia edilib.

Oxunma sayı 204