Həftənin QAZANCI - Həftə-reytinq

10:10 21.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənnilərin Yeni il çıxışları üçün alacaqları qonorarın məbləği açıqlanıb. Birinci yerdə xalq artistləri Aygün Kazımova və Röya Ayxan qərarlaşıblar. Onların hər biri 30 dəqiqəlik çıxışı üçün 50 min manat tələb edirlər. Sonrakı yerlərdə qərarlaşan müğənnilər aşağıdakı kimidir: Eyyub Yaqubov - 20 min manat; Zülfiyyə Xanbabayeva - 15 min manat; Faiq Ağayev - 15 min manat; Abbas Bağırov - 15 min manat; Natavan Həbibi - 10 min manat; Çingiz Mustafayev - 10 min.

 

Həftənin REKORDU

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib. Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

 

Həftənin QOVUŞMASI

Ukrayna-Rusiya münaqişəsinə görə 2019-cu ildən Ukraynada saxlanılan 9 yaşlı rusiyalı uşaq Rusiyaya qaytarılıb. O, Qətərin vasitəçiliyi və Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkilinin köməyi ilə Rusiyaya aparılıb. Belə ki, uşaq 2019-cu ilə qədər valideynləri ilə Yaroslavl vilayətində yaşayıb. Həmin il atası vəfat edəndə anası uşağı Ukraynaya, Vinnitsa vilayətinə nənəsinin yanına aparıb. Münaqişə başlayandan sonra Rusiya vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyulduğuna görə ana oğlunu götürə bilməyib.

 

Həftənin QADAĞASI

Rusiya Prezidenti Vladimir Putin orta məktəblərdə şagirdlər tərəfindən mobil telefondan istifadəni məhdudlaşdıran qanun imzalayıb. Sənədə əsasən, dərs zamanı şagirdlər və təhsil müəssisəsinin işçilərinin həyat və sağlamlığı üçün təhlükə yaranması halı istisna olmaqla, mobil telefondan istifadə qadağa edilir. Qanunun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

 

Həftənin PULSUZU

Pentaqondan ABŞ Konqresinə göndərilən məktubda Ukraynaya yeni silahların alınması üçün ayrılan məbləğin dekabrın 30-da bitəcəyi qeyd olunub. Konqres yeni maliyyələşdirməni təsdiq etməsə, Ukraynaya göndərilən silahların dəyişdirilməsi üçün lazım olan pul dekabrın 30-da tükənəcək. Büdcədə qalan 1 milyard 70 milyon dolların müqabilində müxtəlif silah və texnikanın alınması planlaşdırılır.

 

Həftənin QƏRARI

Roma Papası Fransisk keşişlərə eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib. Roma Katolik Kilsəsinin lideri bildirib ki, kahinlərə müəyyən şərtlər daxilində eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verilməlidir. Vatikanın evliliyə kişi və qadın arasındakı münasibət kimi baxmağa davam etdiyini bildirib.

Oxunma sayı 112