Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni idmançı azərbaycanlı rəqibi Alika Semixovanı vurduğuna görə diskvalifikasiya edilib və medalı əlindən alınıb. Qeyd edək ki, “Batumi Open” beynəlxalq karate turnirində Azərbaycan idmançısı Alika Semixova əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəlib. Bundan sonra bəzi ritualları yerinə yetirib tatamidən çıxmaq istəyib. Bu zaman məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşaraq ona yumruq zərbəsi endirib.
Həftənin SUALI
“Apteklərdə nisyə dəftərləri görürük. Bu dövrdə nisyə dəftəri olmamalıdır”. Bu fikirləri deputat Etibar Əliyev Səhiyyə komitəsinin iclasında bildirib. “Özümlə bura dərman gətirmişəm. Qiyməti 35 manat olan dərman bağırsaq florasına faydalıdır. İçliyi oxuyuram, yazılıb ki, dərman vasitəsi deyil, qida əlavəsidir. Xəstəliklərin müalicəsi üçün istifadə oluna bilməz. Bəs nə üçün istifadə olunmalıdır?! Sadə vətəndaş bu içliyi oxuyub bir çox sualla qarşı-qarşıya qalır”, – deyə deputat vurğulayıb.
Həftənin İTKİSİ
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi dəyişib. Talıbovlara məxsus olan "Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib. Qeyd edək ki, "Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.
Həftənin XƏSTƏSİ
Tanınmış türkiyəli aktrisa Ayçin Tuyun bir müddətdir süd vəzi xərçəngindən əziyyət çəkir. 36 yaşlı aktrisa aldığı kimyaterapiyadan sonra saçlarını qırxdırıb və parikdən istifadə etməyə başlayıb. Tuyun 3 aydır apardığı müalicənin müsbət nəticə verdiyini və xəstəliyə qalib gələcəyini deyib. “Xərçəngə baxmayaraq, gülümsəyin. Hər şeyə rəğmən ayaqdayam və yaşayıram”, - deyə o, ilk dəfə pariksiz fotosunu paylaşaraq bildirib.
Həftənin ZƏNGİNİ
İlon Mask son altı ayda ən çox pul qazanan insanların reytinqində birinci yeri tutub. Bu barədə “Bloomberg” məlumat yayıb. “Tesla”nın yaradıcısı, “SpaceX” və tviterin sahibi İlon Mask bu müddət ərzində 96,6 milyard dollar qazanıb. İkinci yeri 58,9 milyard dollar gəlirlə “Meta”nın təsisçisi Mark Zukerberq tutub. Növbəti yerlərdə isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison və LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb.
Həftənin CƏRİMƏLİSİ
Dünyaca məşhur ABŞ-li müğənni Teylor Svift 32 dəfə cərimələnib. Bu barədə “New York Post” məlumat yayıb. Buna səbəb kimi müğənninin Nyu-Yorkdakı evinin qarşısında toplanan zibillər olub. Teylor 3 mərtəbəli ev aldığı 2017-ci ildən bəri 32 dəfə cərimə olunub. Onun evinin yaxınlığından tapılan tullantılar arasında qəzetlər, butulkalar, kartonlar, salfetlər və siqaret qutuları var.