"ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat başlatmaqda haqlı olub-olmadığı hələ də mübahisəli məsələdir. Lakin İranın Yaxın Şərq ölkələri, dolayı yolla isə Rusiya və Şimali Koreya ilə əməkdaşlığı vasitəsilə Avropa və Ukrayna üçün təhlükə yaratdığını nəzərə alsaq, ABŞ və İsrailin hərəkətləri əsasən haqlı görünür. Bu, xüsusilə müharibədən sonrakı dünya nizamının və beynəlxalq hüququn dəfələrlə pozulduğunu, o cümlədən Rusiyanın bu prinsipləri faktiki olaraq görməzdən gəldiyini nəzərə alsaq, doğrudur”.
Bunu Hafta.az-a müsahibəsində Ukrayna İntermarium İnstitutunun direktoru Valentin Hayday deyib. Onun sözlərinə görə, İran son illər aqressiv xarici siyasət yürüdür.
“Hizbullah və Yəmən husiləri kimi təmsilçiləri regionda sabitliyi pozan amil olaraq qalır. Bundan əlavə, Tehranın nüvə silahı inkişaf etdirməyin son mərhələsində olduğu bildirilir. Əgər belə imkanlara sahib olsaydı, necə hərəkət edəcəyini proqnozlaşdırmaq çətindir, lakin siyasətinin daha da aqressiv və riskli olacağına inanmaq üçün əsas var. Buna görə də, ABŞ və İsrailin zərbələrinin lehinə olan arqumentlər etirazlardan daha çoxdur” deyən Hayday qeyd edib ki, əməliyyatın müddəti və miqyasına gəldikdə isə, onun inkişafını proqnozlaşdırmaq hələ də çətindir.
“İranın faktiki hərbi potensialı hələ də qeyri-müəyyən olaraq qalır: neçə ballistik raketə sahibdir, silah anbarları və hərbi-sənaye obyektləri nə qədər təhlükəsizdir. Eyni zamanda, ABŞ və müttəfiqləri həm kəşfiyyat, həm də İranın hərbi infrastrukturuna və nüvə proqramına qarşı dəqiq zərbələr endirmək baxımından əhəmiyyətli imkanlara malikdirlər”, - o deyib.
Politoloq qeyd edib ki. İran artıq Fars körfəzi ölkələrinə, bölgədəki Amerika hərbi qurğularına və İsrailə zərbə endirmək qabiliyyətini nümayiş etdirib. Nəzəri olaraq, onun raket potensialı Avropanı da təhdid etməyə imkan verir. Lakin, uzunmüddətli qarşıdurma üçün nə qədər resursa malik olduğu sual altındadır.
“Hörmüz boğazındakı vəziyyətdən çox şey asılı olacaq, çünki ərazidəki gərginlik artıq qlobal neft və qaz qiymətlərinə təsir göstərir. ABŞ-ın gəmiçilik üzərində nəzarəti təmin edə biləcəyini və ya İranın bölgədə təhdidlər yaratmağa davam edib-etməyəcəyini anlamaq vacibdir. Nəticə etibarilə, əsas suallardan biri kimin resursları əvvəlcə tükənəcək: İranın raket ehtiyatları, yoxsa rəqiblərinin silahları və hava hücumundan müdafiə sistemləri. Hələlik, üstünlük kəşfiyyat üstünlüyünə malik olan və artıq İrana əhəmiyyətli hərbi ziyan vuran ABŞ-da qalır”, - hayday deyib.