“İntiharlar ildən-ilə yalnız müəllimlər, şagirdlər arasında deyil, əhalinin bütün digər təbəqələri arasında və ümumiyyətlə, bütün dünyada artmaqdadır. Eyni zamanda bu cür hadisələrin daha çox nəzərə çarpması son onilliklərdə sosial şəbəkələrin güclənməsi və genişlənməsi ilə əlaqədardır. Əvvəllər bu cür hadisələr indi sosial şəbəkələrdə qabardıldığı kimi diqqətə çatdırılmırdı”.
Bu fikirləri hafta.az-a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov “Son vaxtlar, təəssüf ki, nədənsə nəinki, şagirdlər, tələbələr, hətta müəllimlər arasında da intihar hallarının sayı artmaqdadır. Sizcə, bunun əsas səbəbini nə ilə bağlamaq olar” sualına cavab verərkən ifadə edib.
“Maraqlıdır ki, bu il düz oktyabrın 5-də, yəni Beynəlxalq Müəllimlər Günündə Masallı rayonunda bir ahıl yaşlı ibtidai sinif müəlliminin intihar etməsi haqda da xəbər yayıldı. Sizcə, burada sosial amillərin, məsələn, bəzi müəllilmlərin maaşlarının, pensiyalarının azlığı məsələsi də rol oynaya bilərmi” sualını professor belə cavablandırıb.
“Bəli, elə bir hadisə haqda mənim də məlumatım var. İntiharlar maddi amillərlə də bağlı ola bilər. Amma, yəqin ki, müəllimlərin arasında intiharların sayının artması, o cümlədən konkret sırf bu məsələ ilə bağlı deyil. Çox güman ki, digər həyati məsələlərin də rolu olur, bəzən də insanların maddi problemləri digər kəskin problemlərin üzərinə gələndə onları intihar həddinə gətirib çıxarır. Mən inanmıram ki, indiki dövrdə kimsə ac qalsın və buna görə özünü öldürsün. Bu, mümkün olan şey deyil. Dediyim kimi, müəllim intiharlarında maddi amillərin müəyyən qədər rolu ola bilər”.
“Siz nazir işlədiyiniz dövrdə məktəblərdə baş vermiş intihar, yaxud bıçaqlanma hadisələri yadınızda qalıbmı və o zaman hansı tədbirləri görmüsünüz?” sualına isə sabiq nazir belə cavab verib:
“Doğrusu, belə bir ciddi hadisə yadıma gəlmir. Mənim nazir işlədiyim dövrdə bir olay daha çox yadımda qalıb. Səhv etmirəmsə, 1999-cu ildə Sumqayıtdakı məktəblərdən birində hərbi hazırlıq dərsi zamanı təsadüfən qumbara partlamış, müəllim və şagirdlər daxil olmaqla 6 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdı. Mən o şagirdlərin yas mərasimində iştirak etdim. Bir neçə gündən sonra övladlarının attestat almasını gözləyən valideynlər onların meyitləri ilə qarşılaşırdı. Həmin dəhşətli olay heç vaxt yadımdan çıxmaz...”