Son aylarda Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı əvvəlki optimisit proqnozlar yerini daha pessimist düşüncələrə buraxmaqdadır. Burada rəsmi Bakının beynəlxalq hüquqa əsaslanan sülh şərtlərinə İrəvanın imitasiya oyunu ilə cavab verməsi ilə yanaşı, Azərbaycanın suveren ərazilərində rus sülhməramlılarının kölgəsində varlığını sürdürməyə çalışan separatçı rejim qalıqlarının reinteqrasiya prosesinə yaratdığı əngəllər də mühü rol oynayır. İndi bölgədə proseslərin hansı – hərb, ya sülh – istiqamətə inkişaf edəcəyi əsas suallardan biridir.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın, yaxud Qarabağ separatçılarının Azərbaycanın şərtlərini danışıqlar yolu ilə qəbul edəcəyini gözləməməliyik:
“Otuzillik işğal müddəti göstərdi ki, danışıqların heç bir nəticəsi yoxdur. Bu müddət ərzində aparılan danışıqlar zamanı ermənilər nə torpaqları işğaldan azad etdilər, nə də sülhə gəldilər. Azərbaycan da məcbur qalıb hərbi yola məsələnin böyük bir hissəsini həll etdi. Qarabağ müharibəsində biz əsl reallıqları düşmənə bir daha anlatdıq. Bu, bir daha onu sübut edir ki, Ermənistan və separatçılar qarşılarında güc görməsələr, bizimlə hesablaşmayacaqlar. Demək, terrorçu, separatçı quruma qarşı təzyiqi davam etdirməliyik”.
Politoloq eyni zamanda qeyd edib ki, Rusiya müəyyən təxribatlarla bölgədə narahatlıq yaratsa da, qarşımızda dayana bilməz.
“10 noyabr üçtərəfli bəyanatın bir bəndi bizə o imkanı verir ki, 2 ildən sonra rus hərbi kontingentini Qarabağdan yola sala bilək. Ermənistanın isə üzərinə götürdüyü üç əsas məsələ var: silahlıların ərazilərimizdən çıxarılması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur yolunun açılması. Bunlar həll olunmamış qalsa da, narahatlıq doğurmur. Bizim üçün əsas məsələ Qarabağın tamamilə Azərbaycanın nəzarətinə götürülməsidir. Beynəlxalq aləm də bu prosesdə bizə maneə olmayacaq. Düzdür, Azərbaycan əleyhinə müəyyən açıqlamalar var. Biz beynəlxalq aləmin Azərbaycanın ərazi suverenliyinin təminatında bizə dəstək olacağını gözləməli deyilik. Bu 30 ildə beynəlxlq aləmin ikiüzlü siyasətini gördük”.
E.Şahinoğlu hesab edir ki, problemin həlli özümüzün qəti hərəkəti, eləcə də Türkiyə ilə strateji əməkdaşlıq istiqamətində atılacaq addımlarla irəliləyəcək:
“Rusiya Prezidentinin ayın sonunda Türkiyəyə səfəri olmalıdır. Böyük ehtimalla, Ərdoğan Rusiyanın üçtərəfli sazişdə verdiyi vədi yerinə yetirməsi ilə bağlı növbəti xatırlatmanı edəcək. Biz Qarabağda Rusiya ilə qarşıdurma istəmirik. Biz erməni silahlılarını tərk-silah etməli, Qarabağda Azərbaycan qanunlarının işləməsini təmin etməliyik. Heç kəs bu işdə bizə maneə olmamalıdır”.
Politoloq müəyyən gərginliklər olsa da, hesab edir ki, dünyada və bölgədə yaranmış vəziyyət bizim bütün hədəflərimizə çatmağımız üçün münbt şərait yaradıb.
Politoloq Natiq Cəfərli hesab edir ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarla, Xankəndi və onun ətrafında yaşayan ermənilər, separatçı qurum arasında gedən danışıqlar fərqli dəyərləndirilməlidir. Onun sözlərinə görə, Ermənistan danışıqlar zamanı Azərbaycanın ərazi bütövlüyünü sözdə olsa da tanıyıb və bu da sənədlərdə öz əksini tapmalıdır. Ekspert böyük ehtimalla, bu sənədin ilin sonuna qədər imzalanacağını, bunun da böyük sülh sazişinin tərkib hissəsi kimi böyük əhəmiyyətə malk olacağını vurğulayıb.
N.Cəfərli Xankəndi və onun ətrafında yaşayan ermənilərin gələcəyi, reinteqrasiyası ilə bağlı prosesin daha ağrılı getdiyini deyib. Orada tək qondarma qurum deyil, rus sülhməramlılarının da maraqları var:
“Mariya Zaxarovanın bu yaxınlarda belə bir açıqlaması oldu ki, rus sülhməramlıları olmadan Xankəndi və ətrafında yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət olmayacaq. Belə bir açıqlama onu deməyə əsas verir ki, qondarma qurumun və orada yaşayan ermənilərin inteqrasiyasına maneə yaradan tək separatçı rejim deyil, həm də Rusiyadır. Rusiya anlayır ki, inteqrasiya prosesi sürətlənərsə, orada sülhməramlıların qalmasına ehtiyac yaranmayacaq. Bu nöqteyi-nəzərdən də sülh prosesi bu qədər uzanır. Ermənistan–Azərbaycan arasında danışıqlar daha rahat gedir. Ərazi bütövlüyünün qarşılıqlı tanınması artıq bəyanatlar şəklində razılaşdırılıb və bunu sənədləşdirmək, sərhədlərin delimtasiya, demorkasiyasını müzakirə etmək lazımdır. Separatçı rejim bir çox hallarda Rusiya, Qərbin müxtəlif dairələri ilə birgə hərəkət edir. “Humanitar fəlakət” şousu yaratmaqla, guya orada aclığın olması, xəstə insanların müalicəsinin mümkünsüzlüyü ilə bağlı səs-küy yaratmaqla bütün diqqəti əsas məsələlərdən kənara yönləndirir. Burada ATƏT-in Minsk qrupu kimi qurumun dirçəldilməsi cəhdləri də görünür ki, bu da mümkün deyil. Rusiya, Qərb, Avropanın arasında gedən münaqişə bu formatın dirilməsinə imkan vermir. Bu mənasız qurum uzun illər başımızı aldatmaqla məşğul olub. Amma müxtəlif formatlı danışıqların getməsi yaxşıdır”.
Politoloq hesab edir ki, danışıqlarda Qərbin, Rusiyanın tək moderator olması problem yarada bilər. Ona görə də Rusiya tərəfdən təzyiqlər artdıqca, Azərbaycan Qərb platformasına üstünlük verir, Qərb tərəfdən uyğun olmayan bəyanatlar veriləndə isə Rusiya platformasına üstünük verilərək belə bir seçim imkanı yaradılır. Bu da həmin tərəfləri Azərbaycanın maraqları çərçivəsində davranmağa vadar edən bir mexanizmə çevrilir. Beləliklə, zaman uzanır. Problemin daha tez həll olunmasını istəyirik. Bu isə asan başa gələcək bir məsələ deyil.
N.Cəfərli qeyd edir ki, bu gün Azərbaycan məsələni güc yolu ilə həll etməyə qadir olsa da, indiki şəraitdə buna bir o qədər ehtiyac yoxdur. Onun fikrincə, zatən “soyqırımı, humanitar böhran”, - deyib şoular aparan ermənilər və havadarları Azərbaycanın istənilən əməliyyatlarını hay-küy təbliğatı ilə qarşılayacaq. Ona görə də Azərbaycan addım-addım, beynəlxalq hüquq çərçivəsində öz istəklərinə nail olur və bundan sonra da olacaq.:
Hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov bildirir ki, bu gün 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının ən əsas şərtlərindən olan və həmin bəyannamənin 4-cü bəndinə əsasən Ermənistan silahlı birləşmələrinin Azərbaycandan çıxarılmaması genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyünü açıq saxlayır: “Əvvəla, Ermənistan rəsmi səviyyədə həmin Moskva Bəyannaməsinn tələblərini icra edəcəyi barədə məlumat yaysa da fakt odur ki, hələ də Ermənistan silahı Azərbaycan ərazisində qalmaqda davam edir. Hələ keçən ilin iyul ayında Ermənstan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan “Ermənistan öz qoşunlarını Qarabağdan çıxarır”, - deyə bəyan etmişdi. Bu faktı təsdiq edən heç bir məlumat, sübut yoxdur. Nəinki Azərbaycan, dünyanın güc mərkəzləri və beynəlxalq təşkilatlar Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxdığı barədə heç bir bəyanat, məlumat verməyib, təsdiqləməyib. Üstəlik, Qriqoryan sonrakı çıxışlarında “Dağlıq Qarabağ hakimiyyəti”ndən aldığımız məlumata görə, “artsax” cavanları əvvəlki kimi hərbi xidmətə çağırılacaqlar”, - deyə bildirib.
Əlbəttə ki, Ermənistanın öz silahlı birləşmələrini Azərbaycan ərazisindən könüllü çıxarmaq istəyi görünmür. Həm də Ermənistanın Rusiya, İran, Fransa və sair kimi dəstəkçiləri onu belə bir addımdan çəkindirən şərtlərdəndir. Belə bir vəziyyətdə Azərbaycanı hərbi əməliyyatlar keçirməyə vadar etməyə ən çox Rusiya maraqlı görünsə də, Fransanın da Rusiya ilə gizli sövdələşməsi mümkündür. İran Ermənistan - Azərbaycan münasibətlərində “qırmızı xətt” prinsipindən ritorik və publik şəkildə imtina etsə də, tərəflərin yeni müharibəyə getməsində daimi marağı dəyişməzdir. Ancaq danışıqlar limitinin bitdiyini demək olmaz”.
V.Dadaşov bununla belə hesab edir ki, Azərbaycanı hərbi əməliyyatlara vadar etməklə Ermənistanla Azərbaycan arasında mümkün sülh ehtimalı sıfırlanır. Azərbaycan olduqca səbirlə davranaraq, siyasi-diplomatik gedişləri ilə vəziyyəti nəzarətdə saxlayır.
Ekspert, eyni zamanda, dünya erməniliyinin “humanitar böhran” oyununun, ilk növbədə, siyasi iradə məsələsi olmaqla, həm də “əsəb və təmkin” sınağı olduğunu deyir:
“Avropa Birliyinin, ABŞ-ın faktiki olaraq Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi Azərbaycanı öz mövqeyində gücləndirib. Baxmayaraq ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, ermənipərəst siyasətçilər Azərbaycanı güzəştə getməyə və Laçın yolunu açmaq üçün bütün mümkün vasitələrdən istifadə etsələr də, sonda bizimlə razılaşmaq məcburiyyətindədir. Onu da qeyd etmək lazımdır ki, ermənilərin “humanitar böhran” şousuna ümumən Qərb dünyası ikili standartlarla yanaşır. Elə Ukrayna nümunəsində bunu aydın görmək mümkündür. Rusiya işğal etdiyi Donetsk, Luqansk vilayətlərinə humanitar yardımını keçirmək istəyəndə birmənalı Ukrayna mövqeyindən çıxış edirdi. Çox təəssüflər olsun, Azərbaycana gəldikdə Qərb ikiüzlülüyünü göstərir. Fəqət, Azərbaycan öz siyasətini özünün yaratdığı reallıqlara əsaslanaraq yeridir və Qərbin ikili standartları qəlb bulandırsa da, reallıqda Azərbaycanın mövqeyinə heç cür təsir edə bilməz”.
Emin Həsənli, hərbi ekspert:
- Ermənistan bu vaxta qədər götürdüyü heç bir öhdəliyi yerinə yetrməyib. Müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi adı ilə müxtəlif vasitəçilər ortaya düşsə də, sülh müqaviləsinin imzalanması istiqamətində heç bir addım atılmayıb. Ermənistan isə bundan istifadə edərək təxribatları davam etdirir. Separatçı rejimin revanşist düşüncəsi və vasitəçi dövlətlərin sülh danışıqlarını oyuna çevirməsi antiterror əməliyyatlarını yaxınlaşdırır. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın ağlını başına yığacağını zənn etsək də, ermənilər müxtəlif təxribatlar törətməkdən çəkinmədi və hazırda təxribatlar Laçın keçid məntəqəsində davam edir. Azərbaycan dövləti düşmənin lazımi cavabını verir. Ermənilər ağıllarını başlarına yığıb Azərbaycanın şərtlərini qəbul etməsələr, bu dəfə daha ağır cəza alacaqlar. Bunu vasitəçilər də bilir. Ona görə də Azərbaycaın şərtlərini qəbul edib, qanunlarına hörmətlə yanaşmalıdırlar. Sual olunur: bu 3 il müddətində Ermənistanla Azərbaycan arasında sülh müqavləsinin bağlanması müstəvisində vasitəçilik edən Rusiya, Avropa İttfaqı, ABŞ nəyə görə üçtərəfli bəyanata əsasən Qarabağda olan silahlı erməniləri ərazimizdən çıxartmayıb. Niyə Ermənistan Zəngəzur yolunun açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib? Niyə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənddə Azərbaycan Bayrağı qaldırılmayıb? Niyə ermənilər Azərbaycan pulundan istifadə etmirlər? Avropa Birliyi niyə separatçıların bayrağının endirilməsini tələb etmir? Ermənistan Qarabağda - Azərbaycan ərazilərində hərbi separatizm, terror, işğal və digər beynəlxalq cinayətlər törədir. Niyə beynəlxalq təşkilatlar buna öz münasibətini bildirmir? Vasitəçi dövlətlər gərginliyin qalması ilə hansısa maraqlarını təmin etməyi düşünsə də, Azərbaycan da öz milli maraqlarından geri çəkilməyəcək, haqq Azərbaycanın tərəfindədir. Bu məsələ yaxın zamanlarda həll olunacaq. Ya Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olacaqlar, qalıb yaşayacaqlar, ya da köçüb istənilən ölkəyə gedə bilərlər. Azərbaycan qanunları ölkəmizdə yaşayan xalqların hüquq və azadlıqlarınn təminatı ilə bağlı ən yüksək təminatı verir. Ermənilərə bundan böyük təminat ola bilməz.
Ədalət Verdiyev, hərbi ekspert:
- Azərbaycanın verdiyi təkliflərin uşaq qatili Araik Arutunyan tərəfindən növböti dəfə rədd edilməsi Azərbaycanı daha sərt və qətiyyətli addımlar atmağa vadar edəcək. 30 il işğal etdiyi Azərbaycan ərazilərini darmadağın edən, orada yaşayan azərbaycanlı əhalini doğma yurd-yuvalarından didərgin salan, azərbaycanlılara aid əmlakı talan edib, dağıdan bir rejimin Azərbaycanın irəli sürdüyü sülh təkliflərini geri çevirməsi Ordumuzu növbəti təmizləmə və ya qisas əməliyyatı keçirməyə vadar edir. Bu prosesdə rus hərbi kontingentinin həmin ərazilərdə yerləşməsi Azərbaycan üçün heç bir maneə yaratmır, çünki onların funksiyası atəşkəsin riayət olunmasına nəzarətdən ibarətdir. Biz keçən ilin mart ayının əvvəlindən bu günə qədər rusların müvəqqəti nəzarətində olan ərazilərdə Laçın keçid məntqəsinin qurulması da daxil olmaqla 12 dəfə müxtəlif miqyaslı əməliyyatları uğurla həyata keçirmişik. Bu əməliyyatların heç birində xunta rejimin və onların əlaltılarının kiçicik də olsa müqavimət göstərmək, maneə olmaq şansı olmayıb. Ona görə də rus faktoru Azərbaycan üçün qəti şəkildə maneə deyil.
Məhəmməd Əsədullazadə, siyasi ekspert:
– Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalıdır. Rusiya bunun qarşısını almağa cəhd edəcək. Azərbayan Türkiyə ilə koordinasiyalı fəaliyyət göstərərsə, əlbəttə ki, Rusiya bunun qarşısını almayacaq. İndiki gərgin vəziyyət antiterror əməliyyatlarını reallaşdırır. Qarabağdakı separatçıların təzyiqi ilə erməni vətəndaşların da Azərbaycana reinteqrasiyası mümkün deyil. Onlar I-II Qarabağ müharibəsində Azərbaycana qarşı işğal əməliyyatlarında aktiv iştirak ediblər. Ona görə də ermənilərdən inteqrasiya gözləməli deyilik. Azərbayan hərbi əməliyyatlar aparmalı və ermənilərlə öz başa düşəcəyi dildə danışmalıdır. Ya çıxıb getməli, ya da tərk-silah olunaraq cəzalandırılmalıdır. Separatçıların bundan başqa alternativi yoxdur. Azərbaycan ermənilərin danışıqları boş yerə uzatmasına seyrçi qalmamalıdır. Diplomatik danışıqlar heç bir nəticə vermir. Qarabağı, torpaqlarımızı güc yolu ilə azad etmişik. Çox güman ki, Rusiya sülhməramlı faktoru da buna imkan verməyəcək. Rusiya sülhməramlı fəaliyyəti ermənilərin reinteqrasiyasının qarşısını almağa yönəlib. Ona görə də Azərbaycan “nöqtə” əməliyyatları keçirməklə separatçı yuvasını dağıtmalıdır. Bundan sonra emənilər də Azərbaycana reinteqrasiyanı qəbul etmək məcburiyyətində qalacaq.
Ramil Hüseynov, politoloq:
- Araik kimdir ki, bizim təkliflərimizi sorğulasın? Azərbaycan insanlıq və bəşəriyyətin bütün humanizm prinsiplərinə söykənərək, beynəlxalq hüquq normalarını nəzərə alaraq, öz mütərəqqi təkliflərini Ermənistan rəhbərliyinə təqdim edib. Reallıq o təkliflərin qəbul olunub, sulh sazişinin bağlanmasıdır. Sabah bu reallıqlar dəyişilə bilər. Təbii ki, sülh təkliflərimizə müharibə ritorikası ilə cavab verən Ermənistan tələblərimiz qarşısında aciz duruma düşə bilər. Azərbaycan siyasi etika nümayiş etdirərək, münaqişənin sülh yolu ilə həllinə dair imzalanmış sənədlərə istinad edir. Biz o qaydalara hörmət numayiş etdirdik və qısa zaman kəsiyində bütün dünya ictimaiyyətinin siyasi və ağıllı kəsimi bunun şahidi oldu. Bizim üçün artıq demək olar ki, zaman limiti yoxdu, bitib. Bunu Ermənistan rəhbərliyi ciddi şəkildə düşünsün. Araik kimiləri hansısa qruplar tərəfindən idarə olunan kukladır. Bu kuklanın sərsəm ifadələri bizi maraqlandırmır. O, insanlıq əleyhinə olan cinayət törətmiş terrorçu, vandal təfəkkurə malik bir qrup şəxsin əlində istifadə olunan canlı varlıqdı. Biz onun həbs olunması üçün tədbirlər planı qurmalıyıq. Əslində, bunu bütün demokratik dəyərlərə xidmət edən, insan huquqlarına hörmətlə yanaşan dövlətlər istəməlidir. Təəssuflər olsun ki, hərzamankı kimi bu ədaləti də biz təkbaşına dunyaya bəxş edəcəyik. Azərbaycan öz torpağında, sərhədləri daxilində istənilən əməliyyatı apara bilər və heç kim bizə müdaxilə edə bilməz, kiminsə buna cəsarəti yetməz. Biz Zəfərdən sonra bütün güzəştləri verdik - siyasi, iqtisadi, insani hərbi və humanist addımları atdıq. Bundan sonra diqtə edən tərəfə çevrilməliyik. Ermənistan hiss etməlidir ki, sülh daha çox ona lazımdır. Şanlı Ordumuz öz gücünü, qüdrətini 44 günlük müharibədə və sonrakı mərəhələlərdə göstərib. Dəmir yumruq yerindədir və daha güclüdür, sərrastdır, daha qətiyyətli, daha prinsipialdır. Həmin yumruq işə düşsə, öz tarixi dədə-baba torpaqlarımızı da azad edəcəyik.