Bizə tarixi zəfər bəxş edən, 45 günlük Böyük Vətən Müharibəsi geridə qaldı. Qarşıdan isə qələbəmizin nümayişi, möhtəşəm hərbi parad gəlir. Tarixi anlara şahidlik edən xalqımız bu günlər ərzində öz birliyini, orduya dəstəyini müxtəlif yollarla göstərmiş oldu.
Elə bu səbəbdəndir ki, küçələrdə tez-tez hərbi paltar geyinmiş mülki şəxslərə rast gəlmək mümkün idi. İnsanlar bu yolla bir növ lazım gələrsə, döyüşə hazır olduqlarını nümayiş etdirirdilər. Bəs görəsən, bu hal hərbi geyim mağazalarında satışlara necə təsir etdi? Qiymət artımı oldumu? Vəziyyəti elə satıcıların dilindən eşidək dedik…
Hafta.az mövzu ilə bağlı olaraq, paytaxtın bir sıra geyim mağazaları və moda evlərinin əməkdaşları ilə həmsöhbət oldu…
İlk müsahibimiz Yasamal rayonu ərazisində yerləşən hərbi geyimlərin satıldığı mağazanın əməkdaşı Xaliq bəydir. O bildirir ki, müharibə dövrü ərzində hərbi paltarların satışında, adi günlərə nisbətən xeyli artım var idi:
“Bu müddət ərzində uşaqlar üçün formalar tikildi, sadə vətəndaşlara uniformaları geyinmək qadağan olduğu üçün onlara köynəklər və hərbi dizaynda hazırlanmış digər geyimlər satıldı”.

Satıcı bildirir ki, müharibə dövründə müştəri sayının artması, qiymətlərin qalxmasına deyil, əksinə, bir qədər də ucuzlaşmasına şərait yaradıb. Hal-hazırda da hərbi geyimlərə maraq, müharibədən əvvəlki dövrə nisbətən çoxdur.
Digər həmsöhbətimiz məşhur geyim mağazaları şəbəkəsinin əməkdaşı olan Nihat Hüseynlinin sözlərinə görə, uzun müddət idi ki, alınmayan həmin məhsullara tələbat müharibə dövründə olduqca artdı. Elə bu səbəbdən də ticarət obyektinə hərbi dizaynda yeni paltarlar da gətirilib. Satıcı söyləyir ki, bu dövrdə mağazada həmin mallarda qiymət artımı müşahidə edilməyib:
“Elə müharibədən öncə qiymətlər necə idisə, bu müddətdə də elə oldu. Dəyişən bir şey var idi, bu da məhsula olan tələbatın artması oldu. Hərbi dizaynda köynəklər, əsasən, 15, kitel (üst geyimi, pencək) 50-80, uşaq üçün şalvarlar isə 25-30 manat arası dəyişirdi. Müharibə dövründə hərbi dizaynda olan paltarlara maraq o dərəcədə artmışdı ki, bəzən bir müştəri 3 kitel birdən alırdı. Müharibə bitdikdən sonra, satışlar yenə əvvəlki kimidir.
Uzun zamandır ki, uşaqlar üçün hərbi geyimlərin satışı ilə məşğul olan Elçin bəy bu işi digər həmkarından bir qədər fərqli həyata keçirir. Uşaqlar üçün hərbi libasların onlayn satışı ilə məşğuldur. O deyir ki, məktəblər işlədiyi vaxt, əsasən də 20 Yanvar, 26 Fevral ərəfəsi sifarişlər daha çox olurdu. Müharibə dövründə də adi günlərdən fərqli olaraq, satışda bir xeyli canlanma yaşandı.

"Bizdə paltarlar adətən Türkiyədən gətirilir. Material olaraq, çox keyfiyyətli parçalardan hazırlanıb. Paltarların həm satışı, həm də kirayəsi ilə məşğul oluram. Kirayələr daha çox fotosessiyalar üçün edilir".
Daha sonra üz tutduq hərbi geyimlərin tikilməsi və satışı ilə məşğul olan dərzilərin ünvanına.
“Shine” moda evinin rəhbəri, tanınmış modelyer-dizayner Şəlalə Maqsudova dedi ki, müharibə dövrü ərzində ona hərbi dizaynda geyimlər hazırlamaqla bağlı çoxlu sayda sifarişlər olub:
“Bu günlərdə mən həm klip çəkilişləri üçün, həm də fotosessiyalar üçün geyimlər, hətta bayraqlar da hazırladım. Müğənni Arzu Qarabağlı ilə çalışdım, eyni zamanda, biser və muncuqla işlədiyim üçün onun şəkillərini də çəkdim. Müharibə dövründə insanların belə geyimlərə olan marağının artması məni çox sevindirir. Bu bizlərə ruh yüksəkliyi verirdi”.

Dərzi Nisə xanım uzun illərdən bəri bu işlə məşğuldur. O söyləyir ki, son üç ayda sifarişlər həddindən artıq artıb, hətta daha öncə tikilən məhsullar da alınıb qurtarıb:
"Ən çox ortayaşlı şəxslər bizə müraciət edirdi, sifarişlər daha çox uşaqlar üçün dəstlərin hazırlanması olurdu. Dəst paltarların qiyməti 35-40 manat arasında dəyişir. Bu müddət ərzində qiymət artımı olmadı. Mən də çalışdığım qədər müştərilərə endirimlər edirdim. Düşünürəm ki, hər kəs öz bacardığı işdə birliyini göstərməlidir".
Paltarların satışı və qiymətləri ilə maraqlandıqdan sonra, onu üzərində qürurla daşıyan balaca Nurayın da fikirlərini öyrəndik.
Nuray söyləyir ki, bu paltarı almasını anasından özü istəyib:
"Anam mənə qəhrəman əsgərlərimiz haqqında çoxlu hekayələr danışıb. Bütün əsgər və şəhidlərimizi çox sevirəm. Çox istərdim ki, mən də əsgər olum. Onlar kimi Vətənimizi qoruyum".
Bəli, biz də istəyirik ki, bundan sonra gələcək nəsillər də bu formanı sevsin, ona hörmət edib, üzərində qürurla daşısın. Bayram ab-havası ilə zəfərini qeyd edən rəşadətli xalq hərbi formanı elə bayram libası olaraq əynində daşıyır. Hər zaman qələbələri qeyd etmək ümidi ilə...