Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və “ProDemos - Xalq üçün”ün birgə təşkilatçılığı ilə həyata keçirilən “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin ADA Universitetində açılış mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, layihənin açılış mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin layihələr üzrə meneceri Ülkər Süleymanova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə və “ProDemos-Xalq üçün”ün rəhbəri Səbinə Zülfiyeva çıxış ediblər.
Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunvericiliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir.
Layihə çərçivəsində iştirakçılara Vəkillər Kollegiyası üzvlərinin təqdimatında 1 aylıq təlimlər keçiriləcək və imtahandan uğurla keçmiş iştirakçılar 2 ay müddətində həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər.