Mayın 4-də Ankaradakı “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılıb.
Hafta.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı kimi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) çıxış edib.
Müzakirələrdə Türkiyə parlamentinin üzvləri, türk dövlətlərinin diplomatik nümayəndəliklərinin, qardaş ölkənin siyasi partiyalarının təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, paytaxt universitetlərinin tələbələri və müəllim heyəti iştirak edib.
Tədbir görkəmli dövlət xadiminə həsr olunmuş videosüjetlə başlayıb.
TADİV-in rəhbəri, professor Aygün Attar çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün Türk dünyası üçün bir bələdçi və nümunədir. “Heydər Əliyev türk dövlətlərinin yaxınlaşmasında və qarşılıqlı inteqrasiyasında mühüm rol oynayıb. Əminəm ki, onun adı əsrlər boyu yaşayacaq”, - deyən professor vurğulayıb ki, Ümummilli Liderin kursunu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. “Heydər Əliyevin ən böyük arzusu - Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilib”, - deyən professor TADİV-in yaradılması ideyasının Azərbaycan xalqının dahi oğluna məxsus olduğunu xatırladıb.
Türkmənistan, Qırğızıstan və Özbəkistan səfirliklərinin nümayəndələri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin balanslı və uzaqgörən siyasətinin türk ölkələri arasında strateji əlaqələrə güclü təkan verdiyini diqqətə çatdırıblar.
Diplomatlar Azərbaycanla sıx əməkdaşlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, onun Türk dünyasında dövlətlərarası əlaqələrə təkan verdiyi ilə bağlı vahid fikri ifadə ediblər.
Bu gün türk dövlətlərində bir sıra park və küçələrin Azərbaycanın Ümummilli Liderinin adını daşıdığına diqqət çəkilib.
Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev Heydər Əliyevi “Türk dünyasının qardaş ölkələri arasında əlaqələrin inkişafına xüsusi töhfələr verən ağsaqqal” adlandırıb. O, Ulu Öndərin uzaqgörənliyini yüksək qiymətləndirərək qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin strateji baxışının nəticəsidir.
Ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov da çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu həqiqətən əlamətdardır. Diplomat qeyd edib ki, Ulu Öndər Azərbaycanı xaosdan xilas edərək müasir dövlətin möhkəm təməlini formalaşdırıb.
Onun sözlərinə görə, Azərbaycanın görkəmli dövlət xadimi haqlı olaraq Mustafa Kamal Atatürk kimi şəxsiyyətlərlə bir sırada yer alır.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Türkiyənin Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu çıxışlarında Ümummilli Lider Heydər Əliyevin böyüklüyündən danışıblar. Onların fikrincə, Heydər Əliyev doğma Azərbaycanın və bütün Türk dünyasının gələcək inkişafını öncədən görən bir insan idi.
Müzakirələrdən sonra konsert proqramı təqdim edilib və Ümummilli Liderin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib.