Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Hindistanda elektron ödəniş üsullarının yayılması ilə nağd pul arxa plana keçib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Elektron ödəniş inqilabı, çox güman ki, Hindistanın iqtisadi super gücə çevrilmə səyində mühüm rol oynayacaq.
Dünyanın 5-ci ən böyük iqtisadiyyatına malik Hindistanda elektron ödəniş sistemi Unified Payments Interface (UPI) ilk dəfə 2016-cı ildə tətbiq edilib.
Hindistanı 2047-ci ilə qədər "inkişaf etmiş ölkə"yə çevirəcəyini vəd edən baş nazir Narendra Modinin göstərişi ilə hazırlanan sistem 15 il əvvəl tətbiq olunarkən ölkədəki ödənişlərin təxminən 96 faizi nağd şəkildə həyata keçirilirdi.
Özəl banklar və Hindistan Mərkəzi Bankının birgə işi ilə hazırlanan UPI sistemi vətəndaşlara mobil telefonlarını virtual kredit kartı kimi istifadə etməyə imkan verir. İstifadəçilər heç bir komissiya ödəmədən 600 müqaviləli bankdan hesablarına köçürmələr edərək alış-verişlərini tamamlaya bilərlər.
Xəbərdə elə həmin il 500 və 1000 rupilik əskinasların dövriyyədən çıxarılmasının da ödəniş üsullarının rəqəmsallaşmasında mühüm rol oynadığı qeyd edilib. Sözügedən iki əskinas bazardakı pulun 86 faizinə uyğun gəlirdi.
Bu addımın ardınca Modi hökuməti 2 min rupi dəyərində kağız pullar buraxdı. Lakin bu əskinaslar da ötən ilin may ayında dövriyyədən çıxarılıb. Bundan əlavə, pandemiya dövründə rəqəmsal ödəniş sistemlərinə tələbatın artdığı vurğulanıb.
Xəbərdə bildirilirdi ki, indi hindlilər ərzaq alış-verişindən tutmuş həkim xərclərinə qədər UPI vasitəsilə bir çox xərclər edirlər. Rəsmi rəqəmlərə görə, keçən il sistem vasitəsilə ən azı 100 milyard əməliyyat həyata keçirilib.
ABŞ-ın nüfuzlu Kornell Universitetindən Esvar Prasad elektron ödəniş üsullarının ölkə iqtisadiyyatına müsbət töhfə verəcəyini müdafiə edib və aşağıdakı qiymətləndirməni edib: “Rəqəmsal ödənişlər səmərəliliyi artırmaq və xərcləri azaltmaqla Hindistanın böyüməsini sürətləndirə, UPI ilə yanaşı, iqtisadiyyatın daha geniş rəqəmsallaşdırılması da bu artımın inklüzivliyini artıra bilər”.
Digər tərəfdən, ictimaiyyətin hər bir təbəqəsi UPI sistemindən istifadə edə bilməz. 34 yaşlı Aziz elektron sistemlərdən istifadə etməkdə tərəddüd etdiyini ifadə edərək, "Məktəbə düzgün getməmişəm. Kasıbam. Oxuya, yaza bilmirəm. Proqramdan istifadə edərkən səhv etsəm nə olar?" deyib.
42 yaşlı çiçəkçi Kapil Şarma UPI sisteminin daha praktik olduğunu söyləyərək, "Hər şey sadələşir. Sadəcə ödəyib gedirlər" deyib.