Hindistan Səfirliyində Müəllimlər Günü qeyd edilib

19:34 05.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Müstəqilliyinin 75 illiyi ilə əlaqədar “Azadi Ka Amrit Mahotsav” adı altında keçirilən tədbirlər davam edir.

Hafta.az-ın yazdığına görə, bu gün Hindistanın ölkəmizdəki Səfirliyi eyni tədbirlər çərçivəsində Azərbaycanda çalışan hind əsilli müəllimlərin şərəfinə tədbir keçirib. Tədbirdə hind əsilli aparıcı müəllimlər, Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak ediblər.

Tədbirdə səfir Bavitlunq Vanlalvavna müəllimlərin verdiyi töhfələrdən danışıb və onların cəmiyyətdəki mühüm rolunu qeyd edib. Müəllimlər isə Azərbaycanda işlədikləri vaxt ərzində qazandıqları zəngin təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər. Bu münasibətlə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün mövzularından olan “Vishwa Guru Bharat” (Dünya Müəllimi Hindistan) xüsusilə vurğulanıb.

Hər il 5 sentyabr tarixi Hindistanda Müəllimlər Günü olaraq bu ölkənin birinci Vitse-prezidenti və ikinci Prezidenti, hörmətli müəllim, filosof və görkəmli dövlət xadimi Dr. Sarvepalli Radhakrişnanın şərəfinə qeyd olunur.