ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsindən sonra Demokratlar adından marafonda iştirak edən Kamala Harris Hindistandakı kəndindən də dəstək alır.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, 59 yaşlı Harrisin nənəsi və babası Hindistanın Madras kimi tanınan Çennay şəhərindən təxminən 350 kilometr aralıda yerləşən Tulasendhrapuram kəndindəndir.
Harrisi özlərindən biri kimi görən Tulasendhrapuram sakinləri keçmiş prezident Donald Trampa qarşı seçkilərdə qalib gəlmək üçün Demokrat siyasətçiyə sıx dəstək verirlər.
BBC-yə müsahibə verən kənd sakinlərindən Krişnamurthi Harrislə fəxr etdiklərini deyib: “Dünyanın ən qüdrətli ölkəsində olduğu yerə çatmaq heç də asan iş deyil. Biz onunla həqiqətən fəxr edirik. Bir vaxtlar hindlilərə əcnəbilər rəhbərlik edirdisə, indi hindlilər güclü dövlətlərə rəhbərlik edirlər”.
Harris qadınlar arasında da qəhrəman kimi görünür. Tulasendhrapuram sakini Arulmozhi Sudhakar, Harrisin simvola çevrildiyini söyləyib: “Onu hamı tanıyır, hətta uşaqlar da. Harrisə “bacım, anam” deyirlər. Onun öz köklərini unutmadığı üçün sevinirik və bunu ifadə edirik”.
AFP xəbər agentliyi də kənddəki hindu keşişlərinin Harrisin noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlməsi üçün dua etdiyini bildirib.
Harrisə dəstək üçün keçirilən dini mərasimlərə rəhbərlik edən keşişlərdən M.Natracan deyib: "O zaman biz onun üçün dua etdik və o, vitse-prezident oldu. Uca Allahımızın lütfü ilə əminik ki, o, İndi prezident olacaq”.
Adı məbədin donorları arasında qeyd olunan Harris, 2021-ci ildə Baydenin namizəd yoldaşı kimi vəzifəyə gəldikdən bəri Tulasendhrapuramı ziyarət etməyib.
Din xadimi Natrajan, Harrisin qələbəsindən sonra kəndə səfər etməsini istədiklərini ifadə edərək, "Qalib gəlsə, bu kənddə görünməmiş, möhtəşəm bir bayram keçirəcəyik" deyib.
Harrisin 2009-cu ildə vəfat edən anası Şyamala Qopalan Çennayda anadan olub və 19 yaşında Kaliforniya Universitetində təhsil almaq üçün ABŞ-a gedib. Burada o, Harrisin Yamayka əsilli atası Donald J. Harrislə evlənib.
2020-ci il seçkilərindən sonra Kamala Harris ABŞ tarixində ilk asiyalı və qaradərili qadın vitse-prezident oldu. Tulasendhrapuram siyasətçinin uğurunu o vaxt da mərasimlərlə qeyd edib.