Hindistanın Azərbaycandakı Səfirliyi “Landau School” ilə birlikdə Hindistanın 75-ci Müstəqillik Gününün qeyd olunması ilə əlaqədar bu gün “Landau School”un “Sea Breeze” kampusunda 75 ağac əkib. Birgə tədbir Hindistan və Azərbaycan xalqlarının dayanıqlı ətraf mühitin yaradılması və təşviqi işinə ortaq sadiqliyini nümayiş etdirib.
Azərbaycan Respublikası Parlamentinin üzvü cənab Soltan Məmmədov tədbirə baş qonaq qismində qatılıb və iştirakçılar qarşısında çıxış edib. Tədbirdə Azərbaycanda yaşayan hind diasporunun liderləri və Hindistanın dostları da iştirak ediblər.
Bu münasibətlə çıxış edən Hindistanın səfiri cənab Bavitlunq Vanlalvavna tədbirin "Azadi ka Amrit Mahotsav" devizi altında qeyd olunan Hindistanın Müstəqilliyinin 75-ci ildönümü (India@75) çərçivəsində təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, Hindistan hökuməti və xalqı bu ilin martından etibarən bu mühüm tarixi qeyd etməyə başlayıb və bayram tədbirləri 2023-cü ilin avqustuna qədər iki il davam edəcək. Hindistanın Müstəqilliyin 75-ci ildönümü (India@75) "Azadi ka Amrit Mahotsav" adlı təşəbbüs çərçivəsində qeyd edilir və bu iki il ərzində hindistanlılar mütərəqqi Hindistanın 75 illiyini və onun xalqının, mədəniyyətinin və nailiyyətlərinin şanlı tarixini xatırlayacaq və bayram edəcəklər.