Miqrantların deportasiyasına əsas verən yeni qaydalar tətbiq olunur

12:03 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu həftə Rusiya Dövlət Duması xarici vətəndaşların inzibati cərimə ilə yanaşı, onların ölkədən deportasiya olunacağı inzibati xətaların siyahısını genişləndirən qanun layihəsini nəzərdən keçirəcək.

Hafta.az xəbər verir ki, bu barədə RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi əvvəlcə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrin sayının 22-dən 43-ə qədər artırılmasını təklif edirdi. Lakin daxil olan dəyişikliklər nəzərə alınmaqla, siyahı 45 maddəyə qədər genişləndiriləcək.

Qanunvericilikdə cinsinə, irqinə, dərisinin rənginə, milliyyətinə, dilinə, yaşına, dini mənsubiyyətinə və digər hallara görə şəxsin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin pozulması ilə bağlı ayrı-seçkilik kontekstində inzibati deportasiyanın tətbiqi təklif olunur.

Bundan əlavə, Rusiya dövlət sərhədinin mühafizəsi vəzifələrini yerinə yetirən hərbi qulluqçunun qanuni əmrinə və ya tələbinə tabe olmamaq inzibati deportasiya üçün əsas olacaq.

Vyaçeslav Volodinin sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi ictimai təhlükəsizliyin möhkəmlənməsinə və miqrasiya sahəsində qayda-qanun yaradılmasına töhfə verəcək.

O, həmçinin bildirib ki, bu həftə Dövlət Duması əmək miqrasiyası məsələlərini tənzimləməyə yönəlmiş qanun layihələrini nəzərdən keçirməyi planlaşdırır.