“Rəqəmsal elm dövrü: qlobal reytinqlər” - elmi seminar

11:44 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Rəqəmsal elm dövrü: qlobal reytinqlər” mövzusunda elmi seminar keçirilib.

Hafta.az xəbər verir ki, Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarı institutun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev açaraq 2026-cı ilin birinci yarısında rəqəmsallaşma və süni intellekt sahəsində görülən, habelə planlaşdırılan işlər barədə məlumat verib.

Seminar çərçivəsində institutun elmi-tədqiqat şöbələri üzrə süni intellekt koordinatorlarının hesabatları dinlənilib, elmmetrik bazalar, rəqəmsallaşma və süni intellekt istiqamətində həyata keçirilən fəaliyyət müzakirə olunub.

Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Nigar Camalova “Qlobal və yerli reytinq platformaları: GSRR, “SciRank Global”, “National H-index Ranking” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə alim reytinqlərinin formalaşdırılması meyarları, reytinq cədvəllərinin növləri, beynəlxalq və yerli reytinq platformaları, həmçinin Azərbaycanın “National H-index Ranking” platforması barədə ətraflı məlumat verilib.

Nigar Camalova Azərbaycanın “National H-index Ranking” platformasında tədqiqatçıların qeydiyyat prosesini əyani nümayiş etdirib. Bildirilib ki, elmmetrik bazalarda tədqiqatçı profillərinin zənginləşdirilməsi alimlərin reytinq göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərir.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda, növbəti elmi seminarın süni intellektəsaslı təhlil mövzusuna həsr olunacağı diqqətə çatdırılıb.