Moldova Rus Evinin qapısına qıfıl vurdu

09:06 06.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldova hökuməti 15 ildir paytaxt Kişinyovda fəaliyyət göstərən Rus Evini bağlamaq qərarına gəlib. Qərar dünən rəsmən qüvvəyə minib.

Hafta.az yazır ki, 2022-ci ildən bəri Rusiyanın Ukraynaya qarşı hərtərəfli işğalını tez-tez tənqid edən Kişinyov əvvəllər Rus Evinin Moldovanın təhlükəsizliyini təhdid edən ritorikanı yaymaq üçün vasitə kimi istifadə edilə biləcəyini bildirmişdi.

Rusiyanın Kişinyovdakı səfirliyi bağlanma qərarı ilə bağlı açıqlama verərək bildirib: "Dərindən təəssüflə bildiririk ki, Moldova hökumətinin verdiyi qərara görə Rusiya Evi fəaliyyətini dayandıracaq".

“Reuters”in məlumatına görə, Rusiya səfirliyi Rusiya Evinin bəzi funksiyalarının mədəniyyət şöbəsinə veriləcəyini qeyd edib.

Rus Evinin bağlanması qərarı Moldova hava məkanının pozulması və Rusiya dronlarının Moldova ərazisinə düşməsi ilə əsaslandırılıb.

Moldova prezidenti Maya Sandu Rusiyanı hökumətinə qarşı sui-qəsd hazırlamaqda günahlandırıb.

İyunda Moldovanın şərqindəki Dnestryanı bölgəsindəki Rusiyapərəst separatçılar "Rusiyanın mövcudluğunu məhdudlaşdırmaq üçün dağıdıcı cəhdlərə" qarşı tədbirlər görməyə çağırıblar və ərazidə yeni bir Rus mədəniyyət mərkəzinin açılmasını təklif etdilər. Lakin, Moldova Baş nazirinin müavini Valeriu Çiveri Rusiya ilə yeni razılaşma olmadan belə bir mərkəzin açılmasının mümkün olmayacağını bildirib.