Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi 621 milyon dollara çatıb - Səfir

19:39 07.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki Səfirliyi tərəfindən elektron və kompüter avadanlığı/proqram təminatı məhsullarına dair vebinar təşkil olunub.

Səfirlikdən Hafta.az-a verilən məlumatda deyilir ki, Hindistanın Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) ilə birlikdə keçirilən vebinarda, Hindistan və Azərbaycanın sözügedən sahədə ixtisaslaşmış iri şirkətlərin 35-dən çox nümayəndəsi iştirak edib.

Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) Elektronika, Telekommunikasiya və Proqram təminatı sənayesini (məişət elektronikası, elektron komponentlər, alətlər, telekommunikasiya avadanlıqları və xidmətləri, kompüter avadanlığı, proqram təminatı və informasiya texnologiyaları ilə əlaqəli xidmətlər daxil olmaqla) əhatə edən 2 mindən çox istehsalçı və ixracatçının ən ali qurumu olub, Hindistan ixracatçılarına, eləcə də elektronika və kompüter avadanlığı/proqram məhsullarının idxalı üçün bu ölkəni seçən idxalçılara yardım göstərir.

Tədbirin məqsədi iştirakçıları Hindistan elektronikası və kompüter avadanlığı/proqram təminatı məhsullarının təklif etdiyi imkanlar haqda məlumatlandırmaq olub. Açılış nitqində Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurasının icraçı direktoru Gurmeet Singh ölkəsinin elektronika və kompüter məhsulları sənayesinin gücünü vurğulayıb və Hindistan hökumətinin bu sahədə həyata keçirdiyi dövlət proqramları haqqında məlumat verib. O, həmçinin Azərbaycan şirkətlərini Hindistanda keçiriləcək tədbirlərdə iştiraka dəvət edib, gediş-gəliş bileti, otel və yemək də daxil olmaqla, xərclərin Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası tərəfindən qarşılanacağını bildirib.

Vebinarda çıxış edən Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna deyib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, Hindistanın elektronika və proqram təminatı məhsulları artıq Azərbaycan bazarında tanınır, çünki Hindistandan mobil telefonlar, avtomatik tənzimləmə və idarəetmə cihaz və avadanlıqları, ofis avadanlığı və sair idxal olunur. O, bildirib ki, Hindistanın elektronika və kompüter avadanlığı sektoru hər il 156 milyard dollardan çox dəyərində məhsul ixrac edir və bu sektorda iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 20,1 faiz artaraq 620,42 milyon dollar təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 11-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 22,5 faiz artaraq 505,52 milyon dollara yüksəlib. Bu dövr ərzində, Azərbaycanın ümumi ixracatında Hindistanın payı 3,0 faiz təşkil edərək, Azərbaycanın 9-cu əsas ixrac istiqaməti olub. Azərbaycanın Hindistandan idxalı 2021-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 114,90 milyon dollar olub.

Oxunma sayı 432