HİV infeksiyasının ilkin aşkarlanmasına START

13:28 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilk dəfə olaraq tüpürcək testləri vasitəsilə HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verib.

Hafta.az xəbər verir bu barədə Naxçıvanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu metod ənənəvi qan testlərindən fərqli olaraq daha rahat, təhlükəsiz və sürətli nəticə əldə etməyə imkan verir.

İlkin mərhələdə sözügedən testlər Naxçıvan Muxtar Respublikası Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində stasionar müalicə alan pasiyentlər arasında həyata keçirilib. Bu addım həm pasiyentlərin sağlamlıq durumunun vaxtında qiymətləndirilməsinə, həm də risk qruplarında HİV infeksiyasının erkən aşkarlanmasına xidmət edir.

QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü çərçivəsində icra edilən bu yeni yanaşma gələcəkdə digər tibb müəssisələrində də tətbiq ediləcək və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addım olacaq.