Son bir neçə aydır, paytaxt Bakıda çoxmərtəbəli binalarda yanğın hadisələri ilə tez-tez qarşılaşırıq. Təəssüflər olsun, yanan tək binaların konstruksiyası və mənzillər olmur, həmçinin sakinlərin ölümü və ağır bədən xəsarətləri ilə baş verir. Bəs görəsən, səbəblər nədir, ehtiyatsızlıq, yoxsa məsuliyyətsizlik? Bu kimi neqativ hallardan necə sığortalana bilərik? Məsələ ilə bağlı hafta.az-a danışan yanğın təhlükəsizliyi eksperti Anar Malikov söylədi ki, yanğınlar müxtəlif səbəblərdən qaynaqlansa da, əksəriyyəti elektrik təsərrüfatında qeydə alınır:
“Yaz-yay mövsümündə insanların məişət qayğıları daha da çoxalır. Havaların temperaturu artdığından, ilk növbədə, mənzillərin, iş yerlərinin havalandırılması və soyudulması məsələsi gündəmə gəlir. Son illər respublikamızın iri şəhərlərində əksər yaşayış binaları mərkəzləşdirilmiş mübadiləli havalandırma sistemi ilə təchiz olunub, lakin bütün binalarda belə deyil. Ona görə də bəzi yaşayış binalarında, xüsusən fərdi evlərdə mənzillərin soyudulması üçün elektriklə işləyən, kondisioner və ventilyatorlardan istifadə edilir. Payız-qış mövsümündə isə havalar soyuduğundan, ilk növbədə, mənzillərin, iş yerlərinin isidilməsi kimi məsələlər aktual olur. Elektrik təsərrüfatında yanğınlar əsasən üç səbəbdən - artıq yüklənmə, qısaqapanma və yüksək keçirici müqavimətdən baş verir”.
Ekspertin fikrincə, bəzi sakinlər yaşayış evlərində elektrik xətlərinin çəkilişi zamanı elektrotexniki norma və qaydaların tələblərini pozurlar. Belə ki, həmin işləri mütəxəssis elektriklər deyil, özləri çəkir və ya digər insanlara həvalə edirlər. Bu işlərin sahəni bilməyən şəxslərə həvalə edilməsi isə düzgün deyil:
“Elektrik xətlərinin yanar konstruksiyalar üzərində çəkilməsinə, qoruyucu və avtomatların düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə baş vermiş hər hansı qəza zamanı yanğınlarla nəticələnir. Mənzillərin təmiri zamanı sakinlər otaqların dizayn və strukturunu yeniləyən zaman həm elektrik, həm də qaz sistemlərinə dəyişikliklər etməli olurlar. Süni yollarla sistemlər çəkdikləri üçün böyük yanğınlara gətirib çıxarır”.
Yanğınların baş verməsinə başqa səbəb isə qaz sızması göstərilir. Böyük fəsadlarla nəticələnən qaz sızması halları adi səhvlərə yol verildikdə meydana gəlir:
“Bir çox yaşayış evlərində təbii və maye qazla işləyən müxtəlif cihazlardan istifadə olunur. Məişətdə işləyən qaz cihazları səbəbindən baş verən yanğınların əsas səbəbi boru kəmərləri ilə bağlıdır. Belə ki, boru kəmərinin birləşmə yerlərində kiplik pozulur, qaz cihazına qoşulma zamanı qeyri-standart rezin və digər materiallardan istifadə edilir. Statistika göstərir ki, mayeləşdirilmiş qaz təbii qazdan daha təhlükəlidir. Qaz balonları qızdırıcı cihazlardan, ən azı, bir metr kənarda yerləşdirilməlidir. Belə balonları qızdırmaq, zirzəmidə saxlamaq qəti qadağandır. Mənzillərdə qaz sızmalarına gəldikdə isə bunu hiss etdiyiniz an ümumi qaz kranını bağlamalısınız. Mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açmaq lazımdır”.
Yanmaya gətirib çıxaran amillər bunlarla da bitmir. A.Malikovun sözlərinə görə, vətəndaşlar, soyuducular istisna olmaqla, bəzi məişət avadanlıqlarını elektrik şəbəkəsinə qoşulu halda qoyaraq evdən çıxırlar. Bəzi cihazların nəzarətsiz qalması yanğını körükləyən başlıca amil olur:
“Otaqdan və evdən çıxarkən elektrik cihazları şəbəkədən ayrılmalıdır. Yadda saxlamaq lazımdır ki, suqızdırıcı cihazlar nəzarətsiz qaldıqda yanğın təhlükəsi yaradır. Cərəyana qoşulmuş elektrik çayniki və ya samovar belə uzun müddət nəzarət etmədikə yanğına səbəb ola bilər. Su qaynayıb buxarlandıqdan sonra çaynikin və ya samovarın dibində hərarət 300-500 dərəcəyə çatır. Bu da elektrik yüklənməsinə və ya qısaqapanmaya gətirib çıxarır, sonda yanğının baş verməsi üçün kifayət edir”.
Söhbət yanğından – oddan düşübsə, onun mənzillərdəki qaynağı olan mətbəxlərdən söz açmamaq olmazdı. Həmsöhbətimiz deyir ki, mənzildə yanğın üçün ən münbit şərait mətbəx və eyvanlardadır:
“Mənzillərdə yanğın, adətən, mətbəxdə baş verdiyindən, belə demək olar: mətbəxdə və eyvanda tezalışan maddə və mayelərin saxlanması qəti qadağandır. Bəzən yuxarı mərtəbələrdən aşağıya atılan siqaret kötüyü küləklə sizin eyvana düşə bilir. Bu kimi ehtiyatsızlıqlar nəticəsində eyvanda saxlanılan maddə və mayelər alışa bilər. Mətbəx və balkonları lüzumsuz əşyalarla doldurmayın. Bu, xüsusilə tezalışan maddə və mayelərə, eləcə də taxta mebel və şkaflara, ümumiyyətlə, alışa bilən hər bir materiala aiddir. Mətbəxdə baş vermiş bəzi yanğınlar isti qazan və tavaların içərisindəki yağın alışmasından da yaranar. Yağ alışıbsa, dərhal qazı və ya elektrik enerjisini kəsin, qazanı (tavanı) qapaqla və ya yaş parça ilə örtün. Yağın, eləcə də qazanın (tavanın) soyumasını gözləmək lazımdır. Əks halda, yağ yenidən yanmağa başlaya bilər. Qaynar yağ, piy alışaraq divar və ya döşəməyə düşübsə, onları söndürmək üçün yuyucu tozdan və ya tozlu odsöndürəndən istifadə edin. Spirallı elektrik plitəsi həddən artıq qızdıqda, onu cərəyandan ayırın və spiralı nəm parça ilə örtərək soyumasını gözləmək lazımdır. Ümumiləşdirsək, yaşayış binalarındakı, mənzillərdəki yanğınlar bir qayda olaraq, siqaret çəkmə, açıq yanğın mənbələrinin istifadəsi və s. zamanı ehtiyatsızlıq, laqeyd yanaşma nəticəsində, nasazlıq, habelə elektrik məişət istilik cihazlarının, mənzildaxili elektrik təsərrüfatının işinin pozulması səbəbindən baş verir”.
Son olaraq yanğın təhlükəsizliyi üzrə ekspert yanğın zamanı əməl olunması vacib bir neçə məqama toxundu. İlk olaraq nəzərinizə çatdıraq ki, hadisə baş verən an panikaya düşmək olmaz:
“Hər bir vətəndaş yanğının və ya yanmanın əlamətlərini (məsələn, alov, tüstü, yanıq qoxusu və s.) aşkar etdikdə dərhal telefonla “112” qaynar xəttinə məlumat verilməlidir. Məlumat verilən zaman vətəndaş yanğının baş vermə ünvanını, həmçinin öz ad-soyadını da deməlidir. Yanğınsöndürən bölmələri əraziyə gələnə qədər vətəndaşlar yanğını öz imkanları ilə söndürməyə çalışmalı, qapı və pəncərələri bağlamalı, mümkündürsə, elektrik və qaz cihazlarını söndürməlidir. Ağız və burunu nəm parça ilə bağlamaq, yanğın gücləndikdə vacib əşyaları götürüb dərhal bayıra çıxmaq lazımdır. Qapı arasındakı boşluqları nəm əski ilə tutaraq, tüstünün mənzilə yayılmasının qarşısını almaq olar. Nəfəsalmanı təmin etmək məqsədilə əyilərək və ya sürünərək hərəkət etmək olar. Mənzildən çıxmaq mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında kömək gözləmək lazımdır. Bəzən insanlar panika ilə pəncərədən aşağı tullanmağa cəhd edirlər. Tövsiyələr odur ki, insanlar həm özlərinin, həm də digərlərinin sağlamlığı üçün yanğın təhlükəsizliyi normalarını bilməli və əməl etməlidir. Yanğının əsasları və onunla mübarizə haqqında təlimlər keçməlidir (yaşayış binalarında mənzil istismar idarəsi tərəfindən, digər binalara SƏTƏM idarəsi tərəfindən). Yanğın zamanı yaşayış mərkəzlərinin insanları təxliyə üçün toplanma məntəqələri, yanğınların söndürülməsi üçün ərazidə yanğın idarələri, təcili yardım və yanğınsöndürmə maşınları üçün yollar nəzərdə tutulmalıdır. Binaların tikintisi zamanı yanğın və zəlzələ halları üçün çökmə və temperatur normaları nəzərdə tutulmalıdır.
“Od olmayan yerdən tüstü çıxmaz”, – deyirlər. Elə isə siz də yuxarıda sadalanan qaydalara ciddi əməl edin ki, sonradan həyatınızı riskə atacaq hallarla qarşılaşmayasınız.