Yəmən husilərinin rəhbərliyinin Siyasi Bürosunun üzvü Məhəmməd əl-Bukati bildirib ki, qruplaşmanın İsrailə hücum etmək üçün çoxlu imkanları var. Onun sözlərinə görə, İsrailin Qəzza zolağına hücumları dayanmasa, müharibə başqa arenalara da yayılacaq.
Hafta.az-ın İsrail mediasına istinadla yaydığı xəbərdə deyilir ki, husi rəsmisi Qırmızı dənizdə “Galaxy Leader” gəmisinin ələ keçirilməsinin İranın göstərişi ilə həyata keçirilmədiyini də bildirib:
“Biz İsrailin diqqətini yayındırmaq, Qəzzadakı qardaşlarımıza təzyiqləri azaltmaq istəyirdik”, - deyə o qeyd edib və hətta ABŞ-la da qarşıdurmaya hazır olduqlarını bildirib.
Husilərin digər lideri Əli əl-Kahum isə qruplaşmanın İsrail darmadağın edilənə qədər zərbələr endirməyə hazır olduğunu bildirib.
“Bunu bilin: bizim 2000 kilometrə qədər uçuş məsafəsi olan raketlərimiz və pilotsuz uçuş aparatlarımız var” -deyə əl-Kahum diqqətə çatdırıb.
Xatırladılır ki, Türkiyədən Hindistana gedən “Galaxy Leader” yük gəmisi noyabrın 19-da Yəmən sahillərində qaçırılıb. Gəmi Baham bayrağı altında üzür və Nassau limanında qeydiyyatdadır. O, “Ray Car Carriers” şirkətinə, yəni israilli iş adamı Rami Ungerə məxsusdur. Lakin ekipajda israilli yoxdur.