“Trocadéro” bağında, Eyfel qülləsinin yaxınlığında qurulmuş uzun səhnədə Çempionlar Parkında (Parc des Champions) azarkeşlərin medal qazanan idmançılarla görüşləri üçün imkan yaradılıb. Paris 2024 Olimpiya Oyunlarının Çempionlar Parkı idmançılar üçün bayramların mərkəzi olub. Hər gün 20 mindən çox azarkeş müxtəlif ölkələrdən olan idmançıları bayram ab-havasında qarşılayır.
Hafta.az xəbər verir ki, Azərbaycan idmançıları da qələbə qazandıqdan sonra Çempionlar Parkında azarkeşlərlə görüşüblər.
Paris-2024 Oyunlarının gümüş medalçıları Qaşım Maqomedov, Alfonso Dominqes, bürüncü medalçı Həsrət Cəfərov da Çempionlar Parkında azarkeşlərlə görüşərək onlarla maraqlı anlarını bölüşüblər. Qalib idmançılarımızı təbrik edən azarkeşlər onlarla ünsiyyətdə olub, selfi çəkdirib, köynəkləri üzərində avtoqraf alıblar.
İdmançılarımız azarkeşlərlə səmimi ünsiyyət qurub, onların suallarını cavablandırıblar.