II Dünya Müharibəsindən qalan bunker otelə çevrildi

11:29 19.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada II Dünya Müharibəsindən qalma bunker otelə çevrildi.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, bunker nasist Almaniyası dövründə Hamburqda tikilib. Pauli sığınacağı Böyük Britaniyada yerləşən Hard Rock şirkəti tərəfindən otelə çevrilib.

Damda yaşıllıqdan əlavə böyük barı olan 5 mərtəbəli binada iki restoran da var.

55 düymlük televizor və Alexa smart köməkçisi kimi funksiyaları olan standart otaqlar gecəlik 180 avrodan başlasa da, şəhər mənzərəli suitlər üçün qiymət 270 avroya qədər qalxır.

Sığınacağın girişində tikilən kafe və barlardan yararlanmaq üçün otel müştərisi olmaq şərt deyil. Bundan əlavə, binanın üst mərtəbəsindəki yaşıllıq sahəsi də əhalinin istifadəsinə verilir.

Hamburqdakı tikili 1940-cı ildə Böyük Britaniyanın Berlinə hava hücumlarından sonra tikilmiş səkkiz sığınacaqdan biridir. Müharibə illərində bu sığınacaqlarda zenit batareyaları da yerləşirdi.

76 min tonluq bunker 2,5 metr qalınlığında divarlara malikdir və hücumlardan demək olar ki, heç bir zərər görməyib.

2 min nəfərlik konsert sahəsi olan 134 çarpayılıq otel layihəsinə dəstək verən Anita Engels bunları deyir: “Binanın hündürlüyünü yaşıllıqlarla artırmaq ideyası nasist diktaturasından qalan bu nəhəng beton bloka dinc və müsbət xüsusiyyət əlavə etmək məqsədi daşıyır”.

Otelə çevrilən sığınacağı ziyarət etməyə gedən 72 yaşlı Brigit Şulz deyir ki, "tarixi canlı saxlamaq vacibdir, xüsusən də şahidlər yoxa çıxdıqda".