İki qardaş ölkənin iqtisadi tərəfdaşlığı təhlil edilib

14:53 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 17-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu və Türkiyə Respublikasının İğdır Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda elmi seminar keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə institutun məlumatında bildirilib.

Tədbiri açan İqtisadiyyat İnstitutunun icraçı direktoru dosent Famil Rüstəmov Azərbaycan ilə Türkiyə arasında mövcud olan yüksəksəviyyəli siyasi, iqtisadi və mədəni əlaqələrdən bəhs edib. O, qardaş ölkələrin elm və təhsil sahəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, birgə elmi layihələrin həyata keçirilməsinin hər iki tərəf üçün mühüm faydalar verəcəyini qeyd edib.

Seminarda çıxış edən İğdır Universitetinin professoru Haktan Sevinc isə Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Professor iki qardaş ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin yeni elmi nailiyyətlərin əldə olunmasına və təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Seminarın əsas məruzəçiləri İqtisadiyyat İnstitutunun Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin müdiri professor Fuad Qənbərov və İğdır Universitetinin İqtisad kafedrasının müdir müavini dosent Gürkan Bozmadır olublar.

Professor Fuad Qənbərov “Türk dövlətlərinin iqtisadi potensialı” mövzusunda məruzə ilə çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi imkanları barədə ətraflı məlumat verib. Məruzədə türk dövlətlərinin zəngin enerji və təbii ehtiyatları, demoqrafik proseslər, daxili bazarların inkişaf perspektivləri, beynəlxalq nəqliyyat və logistika dəhlizləri, qarşılıqlı investisiya imkanları, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətləri və 2030-cu ilədək müəyyən edilmiş strateji hədəflər geniş təhlil olunub. Alim, həmçinin türk dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin regional və qlobal iqtisadi proseslərdə bu ölkələrin rolunun artmasına xidmət edəcəyini vurğulayıb.

Dosent Gürkan Bozmadır isə “Azərbaycan və Türkiyə Respublikaları arasında xarici ticarət əlaqələri” mövzusunda təqdimatla çıxış edib. O, iki ölkə arasında ticarət dövriyyəsinin dinamikası, mövcud əməkdaşlıq imkanları və inkişaf perspektivləri barədə məlumat verib. Məruzədə qarşılıqlı investisiyaların artırılması, ixrac potensialının genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyəti və regional iqtisadi inteqrasiyanın ticarət əlaqələrinə təsiri məsələləri xüsusi diqqət mərkəzində olub.

Məruzələrdən sonra iştirakçıların sualları cavablandırılıb, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri elm, təhsil və iqtisadiyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır və bu istiqamətdə keçirilən birgə tədbirlər qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verir.