İlaxır çərşənbəsi – torpaq oyanır

10:03 16.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Novruz Bayramının sonuncu – Torpaq çərşənbəsi qeyd olunur. Bu çərşənbədə su, od və yeldən sonra torpaq oyanır, nəfəs alır, bir sözlə əkinə hazır olur. Qədim zamanlardan xalqımız ilaxır çərşənbələrinin rəmzi simvolları olan bu 4 ünsürü  müqəddəs hesab edib. İnanclara görə, öncəki 3 çərşənbədə odun, suyun və yelin canlanması torpağa nəfəs verib onu hərəkətə gətirir.

Axır çərşənbədə şər qarışandan sonra, mütləq tonqal qalanmalı, yaşından asılı olmayaraq, böyüklü-balacalı hər kəs bu tonqaldan 7 dəfə tullanmalıdır. Süfrələrə bərəkət rəmzi olan səməni və boyanmış yumurtalar qoyulmalı, hər evdə “qazan qaynamalıdır”.  Hə bir də, bu çərşənbədə təkcə ev-eşik təmizlənməz, qəlblər də kin-küdurətdən arındırılar. Küsülülər barışar, hər kəs xoş sözlər deyib, bir birinin könlünü alar. Qulaqfalına gələnlər, gözəl sözlər eşitsin deyə, hər kəs bir-birinə xoş niyyətlər edər. Bu gün söyüş, qarğış kimi pis ifadələr işlətmək olmaz.

Filologiya üzrə fəlsəfə doktoru, mifologiya şöbəsinin böyük elmi işçisi Sevinc Qasımova Hafta.az-a sonuncu çərşənbənin önəm və anlamından bəhs edərkən söylədi ki, xalq arasında torpaq çərşənbəsinə həm də “Yel çərşənbəsi”, “Axır çərşənbə” də deyilir:

“Həmin gün torpağın isinib oyanması rəmzidir. Torpaq həyat mənbəyi yaşamın özüdür. Torpaq olmasa həyat da olmaz. Bu çərşənbə özünün zəngin mərasimləri, fərqli ayinləri və bayrama daha yaxın olması ilə digərlərindən bir qədər seçilir.  Elə bu səbəbdən də Torpaq çərşənbəsi adətən böyük təntənə ilə qeyd olunur. “Fala baxmaq”, “Papaq atdı”, “Qulaq pusma”, “Tonqal qalamaq”, “Süfrə bəzəmək” sonuncu çərşənbənin icra edilən gözəl adətlərindəndir. İnanclara görə, bayram süfrələri nə qədər zəngin, çeşidli nemətlərlə bol olarsa, həmin il daha bərəkətli və uğurlu olar”.

Elmi işçi onu da qeyd etdi ki, torpaq çərşənbəsi həm də təsərrüfat işlərinin başlanması deməkdir. “Torpaq deyir, səndən hərəkət, məndən bərəkət”:

“Bu günlərdə, əkin və suvarma işlərinə start verilir. Torpaq təmizlənir, əkin üçün hazırlanır. Zəhmətkeş xalqımızın uzun illərin süzgəcindən keçib gələn torpaqla bağlı müxtəlif deyimləri də var ki, bu deyimlər də torpağa olan hörməti özündə əks etdirir. And içəndə, “Torpaq haqqı, yer haqqı”, alqış edərkən, “Torpağın bərəkətli olsun”, qarğış edəndə isə “Torpağından qara yellər əssin kimi” ifadələr işlənir.  Torpaq çərşənbəsi həm də çərşənbələrin sonuncusu olduğu üçün insanlar məhz bu gün sübh tezdən məzar ziyarətləri edirlər. Dünyasını dəyişənlərin məzarı təmizlənir, üstünə bayram nemətləri, şirniyyatlar düzülür. Qəbirlərdə şam yandırılır”.

S.Qasımova “Niyə çərşənbələr məhz ikinci günlər qeyd edilir?” sualına da aydınlıq gətirdi. Folklorşünasın sözlərinə görə, bu 4 önəmli ünsürün oyanışının həftənin 2-ci günləri qeyd edilməsinə səbəb, bayramdan geriyə 7 gün saydıqda, tarixin məhz çərşənbə gününə təsadüf etməsidir.

Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyu, odu, yeli və torpağı oyadır deyirlər. Tarixin ən çətin sınaqlarından keçib gələn, milli adətlərimizi özündə əks etdirən, bu Novruzda arzularınızın çiçək açması, ən əsası isə canınızın sağlam olması diləyi ilə, bayramınız mübarək olsun!

Qeyd edək ki, bu il ölkəmizdə yaz fəslinin gəlişi, yəni, Novruz Bayramı,  martın 20-i Bakı vaxtı ilə saat 13:37-də təsadüf edəcək.