İctimai müzakirə: QHT-lərin dövlətin rəqəmsal inkişaf siyasətinə dəstəyi

12:45 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycanın rəqəmsal inkişaf strategiyası, qarşıda duran prioritetlər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin rəqəmsal transformasiya strategiyasının uğurla həyata keçirilməsi məqsədilə mühüm addımlar atılıb, strateji sənədlər qəbul olunub, institusional mexanizmlər formalaşdırılıb və zəruri resurslar səfərbər edilib.

Z.İbrahimli qeyd edib ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında növbəti üç il üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planının icrası müzakirə olunub və aidiyyəti qurumlara mühüm tapşırıqlar verilib. O vurğulayıb ki, Birinci vitse-prezident rəqəmsal inkişafla bağlı strateji əhəmiyyət daşıyan məsələləri ön plana çəkərək, bu sahədə vahid yanaşmanın tətbiqinin və bütün qərarların Azərbaycanın milli maraqları və ehtiyacları əsasında qəbul edilməsinin vacibliyini xüsusi qeyd edib.

İdarə Heyətinin üzvü diqqətə çatdırıb ki, rəqəmsal inkişaf strategiyasından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, aparılan islahatlara ictimai dəstəyin gücləndirilməsi rəqəmsal transformasiya prosesinin uğurla davam etdirilməsi baxımından vacib amildir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Strateji planlama və portfellərin idarə edilməsi departamentinin rəhbəri Aygün Əliyeva ölkədə rəqəmsal inkişaf strategiyası və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib.

A.Əliyeva bildirib ki, əsas məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, eyni zamanda, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və yerli startap ekosisteminin inkişaf etdirilməsidir. Onun sözlərinə görə, dövlət xidmətləri daha inteqrasiya olunmuş, təhlükəsiz və vətəndaşlarla biznes subyektlərinin ehtiyacları əsasında formalaşdırılacaq.

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz qeyd edib ki, hazırda elektron hökumət infrastrukturunun təkmilləşdirilməsi, dövlət xidmətlərinin vahid rəqəmsal platformalara inteqrasiyası, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində ardıcıl strateji addımlar atılır.

O vurğulayıb ki, qeyri-hökumət təşkilatları dövlətin rəqəmsal gündəliyinə ictimai dəstəyi gücləndirməli, rəqəmsal xidmətlərdən istifadə ilə bağlı maarifləndirmə kampaniyaları həyata keçirməli, elektron hökumət mexanizmlərini təşviq etməli, rəqəmsal hüquqların müdafiəsi, şəxsi məlumatların qorunması və kibergigiyena qaydaları barədə ictimaiyyəti məlumatlandırmalıdır.

İctimai müzakirədə rəqəmsal inkişaf sahəsində dövlət siyasətinə ictimai dəstəyin daha da gücləndirilməsi, qeyri-hökumət təşkilatlarının rəqəmsal transformasiya prosesində iştirak imkanlarının genişləndirilməsi, bu istiqamətdə institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib.