Oktyabrın 5-də Pensilvaniya mitinqində Donald Trampla səhnəyə çıxmaqla dillərə düşən İlon Mask diqqət çəkən daha bir hərəkət edib.
Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, 53 yaşlı milyarder insanları seçkiyə getməyə təşviq etmək üçün qurduğu siyasi fəaliyyət komitəsinin petisiyasına imza atanlar arasında püşkatma yolu ilə hər gün bir nəfərə 1 milyon dollar verəcəyini və bunun seçkiyədək davam edəcəyini açıqlayıb.
Sözügedən petisiyanı imzalamaq və vəd edilən pulu qazanmaq üçün siz Pensilvaniyada qeydiyyatdan keçmiş seçici olmalısınız.
“Forbes” jurnalının qeyd etdiyi dünyanın ən zəngin adamları siyahısında birinci yerdə olan Mask tərəfindən qurulan America PAC ifadə azadlığını və fərdi silahlanmanı müdafiə edir. Müraciətdə qeyd olunan dəyişikliklər həm də bu hüquqlara hüquqi təminat verir.
Son təklifdən əvvəl America PAC, petisiyanı imzalayacaqları təqdirdə Pensilvaniya seçicilərinə 100 dollar, Miçiqan və Viskonsin seçicilərinə isə 47 dollar verəcəyini söyləyib. Amma seçki hüququ üzrə ekspertlər deyirlər ki, bu təkliflər qanuna uyğun gəlməyə bilər. Çünki seçkilərə yazılmaq və ya səs vermək müqabilində pul və ya başqa maddi dəyər vəd etmək bütün ölkədə qadağandır və hətta həbslə də nəticələnə bilər.
İctimai qeydlərə görə, Mask qeyd olunan siyasi fəaliyyət komitəsinə sentyabr ayına kimi üç ay ərzində 75 milyon dollar verib.
Mask bu vədi Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirdiyi seçki mitinqində verib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp üçün ilk dəfə təkbaşına mitinq keçirən Mask iştirakçıları erkən qeydiyyatdan keçib səs verməyə çağırıb. Çıxışında o, ABŞ Konstitusiyasının üstünlüyünü vurğulayaraq deyib: "Bu konstitusiya sözün əsl mənasında ABŞ-ı bugünkü vəziyyətə gətirən fundamental dəyərlər toplusudur. Onun əleyhinə olan hər kəs ABŞ əleyhinədir və onlarla cəhənnəmə gedir".
Mitinqə qatılanları ailələrini və dostlarını səsvermə üçün qeydiyyatdan keçməyə təşviq etməyə çağıran Mask, "Əvvəllər siyasi cəhətdən aktiv deyildim, amma indi aktivəm, çünki Amerikanın və sivilizasiyanın gələcəyinin təhlükə altında olduğunu düşünürəm" deyib.
Qısa çıxışdan sonra iştirakçıların suallarını cavablandıran Maskın təşkil etdiyi mitinq özünün X (Twitter) kanalında da canlı olaraq paylaşılıb.