İnsanlar bu virusdan əzablı şəkildə ölürsə, deməli, xəstəlik var – həkimdən çağırış 

13:35 09.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“İyul-avqust aylarında virusa yoluxan insanların konsentrasiyası yüksək olacaq. Bu virus da ulturabənövşəyi şüaların təsirindən tez ölür. Faktiki olaraq ağacda, torpaqda, əşaların üzərində virus qalmayacaq. Virus ancaq insanlarda mövcud olacaq. Mənə elə gəlir ki, iyul ayını və avqust ayının ortalarına qədər qapalı qarantin rejimi tətbiq etmək lazımdır. O zaman bizdə xəstə qalmayacaq. Bizdə xəstə sayı sıfır olarsa, ikinci dalğa gəlməyəcək. İkinci dalğa havalar soyuyanda gələ bilər. Bizdə də adətən havalar dekabr ayında soyuyur”.

Bunu hafta.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, Biləcəri Mərkəzi Dəmiryolu xəstəxanasında Qanın təmizlənməsi Şöbəsinin müdiri Bəhruz Hüseynov deyib. Ekspert bildirib ki, bir sıra ölkələrdə ikinci dalğa gəlməyəcək:

“Məsələn, Gürcüstanda ikinci dalğa gəlməyəcək. Çünki bu ölkədə xəstə sayı yoxdur. Koronavirus isə insandan-insana keçir. Onsuz da bu virus 14 günə çıxıb gedir. Əgər insanlar arasında yayılmasa, eləcə də xaricdən də daşıyıcılar gəlməsə, virusun kökü tamamilə kəsilər. İkinci dalğa da olmaz. Etirazlara baxmayaraq, karantin rejimi kəskinləşdirmək lazımdır. İyul ayında total karantin rejimi tətbiq etmək lazımdır. Üç gün karantin rejimi eləmişdilər, o cür rejim tətbiq olunmalıdır. Heç kim evindən çıxmamalıdır. Ciddi karantin rejimi tətbiq olunsa insanlar arasında yayılmayacaq. Bakı və Abşeron yarmadası ultra-bənövşəyi şüalarla  zəngindir. Ona görə də səthdə, predmetlərin üzərində virus qalmayacaq. Bütün xəstələr sağaldıqdan sonra təhlükə tamamilə sovuşacaq”.

Şöbə müdiri onu da əlavə edib ki, iki-üç ay əhalini çölə buraxmamaq lazımdır: “Bu virus insandan insana yoluxur. Virus özü cansızdır. Orqanizmə düşdükdə canlanır. Bu, çox zəif bir virusdur. Adi sabun köpüyündə 20-30 saniyəyə ölür. Spirt tozunda qısa müddətdə məhv olur. Ultra-violetdə cəmi 16 saniyəyə məhv olur. Bir neçə gün öncə Sumqayıta getmişdim. Dayanacaqda durub saydım, avtobusa 19 nəfər mindi. Heç birində tibbi maska yox idi. Oturanlar da, ayaq üstə duranlar da ağız-ağıza, üz-üzə dayanmışdılar. Ara məsafəsinə fikir vermirdilər. Xəstəliklə bu cür mübarizə aparmaq olmaz. İlk günlərdə cəmi 30-40 nəfər idi yoluxanların sayı. Demək olar ki, kökü kəsilmişdi. Karantin rejimini çox tez yumşaltdılar. Gərək bunu etməyəydilər. Azərbaycanlılar deyir ki, bu siyasətdir. Xeyr, siyasət deyil, xəstəlikdir. Biz siyasətçi deyilik, həkimik. Arxasında siyasət dayana bilər, amma COVİD-19 xəstəlikdir. Virus, törədici varsa, insanlar bu virusdan ölürsə, özü də əzablı ölürsə, deməli, xəstəlik var”.

Koronavirusdan qorunmağın yollarından danışan Bəhruz Hüseynovun sözlərinə görə, insanlar ara məsafəsi saxlamalıdırlar. Kafe və restoranlarda araq-pivə içməməlidirlər. Evdən bayıra çıxmamalıdırlar. Tibbi maskadan istifadə etməlidirlər. Anlamalıdırlar ki, evdən çıxdığın andan etibarən virusa yoluxma riski artır. Axşam bu insanlar evə qayıdacaqlar. Ailələrini, doğmalarını, evlərindəki yaşlı insanları yoluxdura bilərlər.

Eyni zamanda bir metod var, qanın ultra-bənövşəyi şüalanması. TƏBİB cəmiyyəti bununla bağlı işlər görməlidir. Xaricdə də müzakirə olunur. Xüsusi optik liflər var. Onlar damara salınır. Buna da ultra-bənövşəyi şüalar deyilir. Həmin ultra-violet bütün virusları öldürür. Bunu praktiki müalicədə tətbiq etmək lazımdır".