“İnsanların həyat səviyyəsi yaxşılaşdıqca ölkədəki demoqrafik vəziyyət də yaxşılaşır” - Millət vəkili 

14:18 03.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gün ölkəmizdə əldə olunan sabitliyi, həyata keçirilən iqtisadi və sosial islahatları hər bir vətəndaş öz həyatında hiss edir. Məsələn, bir neçə ay bundan əvvəl Azərbaycan əhalisinin sayı 10 milyon oldu. Əhalinin 10 milyon olması təkcə rəqəm baxımdan deyil, həm də ölkənin uğurunun təcəssümü idi. Cünki hər bir valideyn övladını iqtisadi sabitlik hökm sürən, təhlükəsiz bir mühitdə dünyaya gətirmək istəyir”. Bu fikirləri hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Millət vəkili vurğulayıb ki, son illər Azərbaycanda vəziyyət tamamilə dəyişib və ölkə sürətlə inkişaf edir: “İndiki dövrdə vəziyyət tam başqadır. Əhalinin demoqrafik vəziyyəti həmişə Prezident İlham Əliyevin də diqqətində olub. Sosial iqtisadi vəziyyətin yaxşılaşdırılması, əhalinin sayının artması üçün mütəmadi qərarlar qəbul olunub, tapşırıqlar verilib. Bu da təsir edən faktlardandır. Demoqrafik vəziyyətə təsir edən digər amillərdən biri də sosial rifahdır. Bura Prezidentin son aylar imzaladığı pensiyaların, maaşların artımı, problemli kreditlərin həll olunması kimi sərəncamları misal göstərmək olar. Əhalinin rifahının günü gündən artması demoqrafik vəziyyətə müsbət təsirini göstərir. Təbii miqrasiya, urbanizasiya da bu məsələyə təsir edən amillərdəndir. Odur ki, insanların həyat səviyyəsi yaxşılaşdıqca ölkədəki demoqrafik vəziyyət də yaxşılaşır. Bu isə o deməkdir ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda bütün sahələrdə inkişaf gedir və mövqelərimiz ilbəil daha da möhkəmlənir”.