İpoteka ilə alınan mənzili satmaq mümkündürmü?

11:54 13.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- Bəli, mümkündür. Mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi başqa ödəmə qabiliyyəti olan şəxsə ötürülür. Öhdəliyin ötürüldüyü şəxs isə ipoteka krediti almaq üçün lazım olan bütün  tələblərə cavab verməlidir.

***

- Elektrik sayğacına müdaxiləyə görə yenidənhesablaşma necə aparılır?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən istehlakçılar tərəfindən (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində (üç il) elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

***

- Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı hədlər daxilində siqaret və alkoqollu içki güzəştli qaydada gömrük ərazisinə gətirilə bilər?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nın 2.1.10-cu bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilə bilər.

***

- Hansı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır?

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddəti uzadılır:

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

Xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;

Miqrasiya Məcəlləsinin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda;

Tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması aşağıdakı hallarda mümkündür:

Nəqliyyatın hərəkətinə mane olan təbii fəlakət baş verdikdə;

Avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);

Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır);

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda. Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Miqrasiya Məcəlləsinin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək artırılır.

Miqrasiya Məcəlləsinin 19.4.3-cü maddəsində nəzərdə tutulmuş halda xəstə şəxslə birlikdə onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir.