İran agenturası tamamilə zərərsizləşdirilməlidir - Politoloq

17:31 06.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İran agenturası ölkədə tamamilə çökdürülüb, məhv edilməsə də, 30 il ərzində heç olmadığı qədər zəifləyib. Rəsmi Bakı uzun illərdir anonsu verilən və 2022-ci ildə başlanan İran agenturasının çökdürülməsi əməliyyatlarına bu il də davam etməlidir”.

Bunu hafta.az-a politoloq Turan Rzayev son vaxtlar İranın Azərbaycandakı agenturasının öz səssizliyini qoruması ilə bağlı nüanslara diqqət çəkərkən bidirib.

Onun sözlərinə görə, molla rejiminin təlimatlarını yerinə yetirən bu şəxslərin səsi çıxmır. Agenturanın intellektual rəy liderləri bir yana, heç qaragüruh kimi tanınanlar da ortalıqda görünmürlər.

T.Rzayev bu gün diqqət çəkən əsas məqam kimi SEPAH-ın Azərbaycana qarşı özündə təhdid və provokasiya elementlərini əks etdirən növbəti videoçarxını yayması, lakin Tehrandan bu istiqamətdə agenturanın üzvlərinə təlimat gəlməməsidir.

“Geridə qoyduğumuz 2022-ci ilin ən yaddaqalan hadisələrindən biri də İran xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan kompleks əməliyyat-istintaq tədbirləri oldu.

Bu istiqamətdə aparılan işlər nəticəsində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktları ilə onlarla şəxs ələ keçirilərək həbs edildi.

Rəsmi Bakının apardığı əməliyyatlar İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vurdu. Lakin bu o demək deyil ki, agentura büsbütün çökdürülüb, kökü kəsilib. Hazırda ölkədə İran agenturasına xidmət edən, molla rejiminin tapşırıqlarını dinləyən kifayət qədər şəxs var”.

T.Rzayev hesab edir ki, rəsmi Tehran Bakıya təzyiq imkanlarından tamamilə məhrum olmamaq üçün İran agenturasının intellektual kəsimini, habelə onlara bağlı qaragüruha bir müddət gizlənmək təlimatı verib. Başqa cür desək, “kölgədə gizlən” siyasəti elan edilib.
Onun fikrincə, bu yolla rəsmi Bakının diqqətinin yayınması, proseslər sakitləşənədək yenidən təşkilatlanmaq, güc toplamaq hədəflənir.

Buna baxmayaraq, politoloq hesab edir ki, 2022-ci ildə olduğu kimi, DTX əməliyyat-istintaq tədbirləri həyata keçirməli, agentura ilə yaxından-uzaqdan əlaqəsi olan şəxslər aşkar edilməlidir.
“Hazırda gizlənən və proseslərin sakitləşməsini gözləyən onlarla belə şəxs var. Bu şəxslərin yenidən güclənib İrandan dəstək almadan aşkar edilməsi şərtdir.

İrana bağlı olan və molla rejimindən maliyyə alan media resurslarının fəaliyyəti dayandırılmalıdır.
Eləcə də təhsil, mədəniyyət, siyasət, hətta ordu daxilindəki İran agenturasına bağlı qüvvələr aşkarlanıb zərərsizləşdirilməlidir”.

T.Rzayev hesab edir ki, 2023-cü il İran agenturasının tamamilə məhv edilməsi üçün ən uyğun zamandır. Çünki İranda etiraz aksiyaları hələ də davam edir və rəsmi Tehranın başı daxili məsələlərə qarışıb.

“Mövcud problemlər aradan qalxanadək Tehran öz agenturasına “dur!” əmri verib. Rəsmi Bakı bundan ən yaxşı şəkildə istifadə etməli və agenturaya yekun, sarsıdıcı zərbəni endirməlidir”.

Siyasət rubrikasından digər xəbərlər