İran İsrailə hücum etmək üçün Həmas, Hizbullah və PİJ ilə danışıqlar aparıb

14:30 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran İsrailə hücum etmək üçün Həmas, Hizbullah və Fələstin İslami Cihad Hərəkatı (PİJ) ilə danışıqlar aparıb.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, qəzetə danışan naməlum mənbələr İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Kaaninin keçən həftə gizli şəkildə Livana getdiyini və HƏMAS, Hizbullah və PİJ liderləri ilə görüşdüyünü iddia edib. Görüşün Livanın paytaxtı Beyrutdakı İran səfirliyində keçirildiyi deyilir. Xəbərdə tərəflər arasında görüşün Livanın cənubundan İsrailə raket hücumları ilə eyni vaxta təsadüf etdiyi də diqqət çəkib.

Mənbələrə əsasən Kaaninin HƏMAS lideri İsmayıl Haniyə və onun müavini Salih Aruri, həmçinin “Hizbullah”ın baş katibi Həsən Nəsrullahla görüşdüyünü, bu hücumun planlarını yekunlaşdırdığını iddia edib.

Ötən həftə Qəzza və Suriyadan da İsrailə raket zərbələri endirilib. Təl-Əviv rəhbərliyi isə cavab hücumları edərək, hava hücumundan müdafiə sistemlərinin gücləndiriləcəyini açıqlayıb.

Digər tərəfdən, rəsmi Tehran, HƏMAS və ya Hizbullah hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Kaaninin Yaxın Şərqdəki yaraqlıları öz tərəfinə çəkərək İsrail üçün təhlükə yaratdığını iddia edən xəbərdə aşağıdakı qiymətləndirmələr yer alıb: “Kaaninin Hizbullah, Həmas və digərlərini bir araya gətirən son işi İsrail üçün artan təhlükəyə işarə edir. Bu həm də Çin və Rusiya kimi digər güclərin Yaxın Şərqdə daha böyük rollar oynamağa çalışdığı bir vaxtda ABŞ üçün problemlər yaradır”.

“Wall Street Journal” iddia edib ki, Tehranın əsas məqsədi regiondakı digər ölkələrin İsraillə diplomatik əlaqələr qurmasının qarşısını almaqdır.

Həmçinin qeyd olunub ki, Çinin vasitəçiliyi ilə 7 ildən sonra Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpası Ər-Riyad rəhbərliyi ilə barışmaq istəyən İsrail lideri Benyamin Netanyahunun xarici siyasət strategiyasına böyük zərbə vurub.

İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror da Tehran administrasiyasının İsraildəki daxili qarışıqlıqdan istifadə etmək istədiyini deyib.

Qeyd edək ki, Netanyahu hökumətinin mübahisəli məhkəmə islahatları ilə bağlı ölkədə aylardır kütləvi etirazlar keçirilir.

Xatırladaq ki, 65 yaşlı Kaani bu vəzifəyə general Qasım Süleymaninin 2020-ci ildə İraqın paytaxtı Bağdadda ABŞ-ın hücumu nəticəsində öldürülməsindən sonra gəlib.

Siyasət rubrikasından digər xəbərlər