XIX əsrə qədər və sonra Cənubi Qafqaz, İran və Orta Asiya xalqlarını ortaq ünsiyyət dili olan azərbaycan türkçəsindən ayırmaq istiqamətində aparılan “yumşaq güc” siyasətinin digər ismi farslaşdırma siyasətidir. Bu siyasətin tarixi, XX əsrin əvvəllərində İranda Qacarların hakimiyyətinin sonu və Pəhləvilərin hakimiyyətə gəlməsi ilə başlamır. Farslaşdırma siyasəti Cənubi Qafqaz, İran və Orta Asiya coğrafiyasında son min ildə onlarla türk-müsəlman dövlətləri quran türk xaqanlarının həyata keçirdikləri siyasətdən irəli gəlir.
Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib.
Onun sözlərinə görə, türklərin qurduqları dövlətlərdə elm və təhsil, din və mədəniyyət sahələri əsasən farsların və ya farsbaşlı elitanın himayəsində olmuşdur. IX-X əsrlərdən başlayaraq Türküstandan tədricən Yaxın Şərqə miqrasiya edən türklər farsların dini-ideoloji Qum məktəbinin süzgəcindən keçərək türklüyünün bir qismini itirib qismən farslaşmış türkmən olmuşlar (türk manənd - türkə bənzər).
Eyni proses, əsrlərlə əvvəl Sasanilər və Əhəmənilər dövründə də baş vermişdir. Qədim Babil məktəbinin varisi olan fars ideologiyası orta əsrlərdə şiə məktəbləri ilə Türküstan türklərini şiələşdirərək onlardan türkmənlər yaratdığı kimi, Əhəməni-Sasani dövründə də atəşpərəst Mazdayasna mərkəbləri ilə sak türklərindən ariləşmiş atəşpərəstlər yaratmışdılar. Buna görə də, şiə və ələvi türk xaqanları dinin, elmin və təhsilin dilini fars dili olaraq qəbul etmiş və bəziləri özlərinin mənşəyini Sasani hökmdarlarına bağlamışlar. Nəticədə, geniş bir coğrafiyada böyük imperiyalar quran türklər öz içindən dini-ideoloji istiqamətdə şiə-sünnü cəhbələrinə parçalanaraq bir-biriləri ilə savaşmışlar. Buna görə də, minillərlə cənubdan gələn bu təzyiq nəticəsində, türklər öz dillərində elm və təhsil yarada bilməmiş və dini öz dillərində anlaya bilməmişlər. Bu baxımdan, türklərin orta əsrlərdə Cənubi Qafqazda yerli qeyri-türk xalqlarını assimlyasiya etməsi ilə bağlı iddialar tam əsassızdır. Əksinə, Cənubi Qafqazda yerli türk xalqlarının əsrlərlə mədrəsələr vasitəsilə farslaşdırılması siyasəti mütəmadi şəkildə aparılmışdır. Bunun nəticəsi olaraq, Azərbaycanın əksər şair və mütəfəkkirləri orta əsrlərdən XIX əsrə qədər fars dilində və qismən türk dilində yazıb yaratmışlar. Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra fars dilinə və qismən farslaşmış türk dilində köklənən saray ədəbiyyatı və ənənəsi öz yerini tədricən rus dilinə verənədək böyük bir mədəni keçid dövrü yaşanmışdır.
Biz, əgər İranda və digər yerlərdə yaşayan azərbaycanlıları Qafqazdakılara əlavə etsək, dünyada 50 milyondan çox azərbaycanlının olduğunu, onun 10 milyonunun Azərbaycanda yaşadığını, onun 10 milyonunun mühacirətdə olduğunu və 30 milyondan çoxunun Azərbaycan və İran ərazisində yaşadığını deyə bilərik.
İranın sabiq xarici işlər naziri Əliəkbər Salihi Türkiyədə olanda jurnalistlərin sualına belə cavab vermişdir: “İranın 40%-i türk dilində danışır.”
83 milyon əhalisi olan İranın 40%-i 35 milyon edir. 1979-cu il İslam inqilabından sonra mühacirət edən azərbaycanlıları və digər türk xalqlarını da bura əlavə etsək, say daha da çoxalacaqdır -türkmənlər -2 milyon, Xorasan türkləri -2 milyon, qaşqaylar – 1.5 milyon, əfşarlar – 1 milyon şahsevənlər – 250 min, xələclər – 48 min və s. Əgər biz 10 milyon mühacirətdə olan azərbaycanlılardan yarısından çoxunun İran azərbaycanlıları olduğunu və digər mühacir İran türklərinin də sayını nəzərə alsaq, o zaman İranda yaşayan və mühacirətdə olan türklərin ümumi sayının 35 milyon deyil, 45 milyona yaxın olduğunu ehtimal edə bilərik. Biz Qafqaz və İranda yaşayan türklərin mühacirətdə olanlarla birgə sayını ortaya qoysaq, onların sayı təxminən 60 milyon edər. İran türkləri 45 milyon, Azərbaycan türkləri 14 milyon, Şimali Qafqaz türkləri 1.2 milyon. Azərbaycanlı türklər bu 60 milyonun 50 milyonunu, yəni 83 %-ni təşkil edirlər. Qafqaz və İranda yaşayan türklər tarixi baxımdan azərbaycanlı türklərin ayrılmaz hissəsidirlər. Arazın şimal və cənubunda kompakt şəkildə məskunlaşan 50 və ya 60 milyonluq bir türkün Avrasiyada Türküstandan –“türk mənşəli əhalisinin ümumi sayı 120 milyondur) və Türkiyədən (türk mənşəli əhalisinin ümumi sayı 66 milyondur) sonra ən sıx təmərküzləşdiyi bir bölgədir.
Türklər İranın ən çoxsaylı əhalisidirlər. Çünki İranda yaşayan türklər, bəluclar, lurlar, kürdlər, ərəblər və digər xalqların sayını 83 milyondan çıxsaq, farslar İranda azsaylı xalqlardan biri olacaqdır. Buna görə də, İran türkləri tarixən və bün gün də İranı özlərinin dövləti hesab etmiş və onun parçalanmasına razı olmamışlar. Bu günlərdə İranda baş verən daxili iğtişaşlarda müşahidə olunan etnik separatizm meyilləri türklər arasında müşahidə olunmur. Onlar, İranda rejimin dəyişməsini, demokratiyanın gəlməsini və mədəni hüquqlarının verilməsini tələb edirlər. Lakin, dövlət ideoloji aparatını əlində saxlayan fars rejimi İran türklərinin Azərbaycan və Türkiyə ilə əlaqələrinin qırılması və onlar arasında bir səddin çəkilməsi üçün, bir tərəfdən Urmiya gölünü qurudaraq əhalinin bölgədən cənuba miqrasiya etməsini planlayır, digər tərəfdən, İranı Azərbaycan və Türkiyə ilə bağlayan ərazilərə (Urmiya ətrafı) PKK kürdlərinin məskunlaşması və orada qədimdən yaşayan azərbaycanlı türklərin qovulması siyasətini həyata keçirir. Yəni, indiki İran rejimi, ABŞ və Fransa ilə gizli əməkdaşlığa girərək, İranın Azərbaycan və Türkiyə ilə sərhədlərində azərbaycanlı türklərə qarşı soyqırımı həyata keçirməyə, onların öz yerlərindən didərgin salmağa, Azərbaycan və Türkiyə üçün cənubdan yeni savaş yaratmağa, dolayısı ilə ABŞ-na Cənubi Qafqaza daxil olmaq üçün savaş koriduru açmağa səy göstərir. Bununla, İran rejimi, özünü Cənubi Qafqaz təhlükəsindən sığortaladığını, “Bir kəmər, bir yol” layihəsinin orta yol xəttinin ixtisara salacağını, şiə koridorunun (Çin, Orta Asiya, İran, İraq, Suriya, Livan, Aralıq Dənizi və Avropa) gerçəkləşəcəyini düşünür. Həmçinin, Ermənistanda güclənən ABŞ-ın və onun PKK ordusunun himayəsi altında ikinci koridorun həyata keçəcəyini (Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara Dəniz və Şərqi Avropa) xəyal edir.