İran və Pakistandan bir gündə 5300 əfqan qovuldu

11:05 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir gündə 5 mindən çox əfqan qaçqını Pakistan və İrandan qovulub.

Hafta.az-ın yazdığına görə, bu barədə “Ariana News” məlumat yayıb. Əfqanıstanın Qaçqınlarla İş üzrə Nazirliyinin məlumatına görə, iyulun 27-də Nimroz əyalətindəki Pule-Abrişam sərhədindən, Qəndəhar əyalətindəki Spin Boldakdan, Herat əyalətindəki İslam Qaladan və Nangarhar əyalətindəki Torkham qapısından 5303 qaçqın məcburi şəkildə geri qaytarılıb. Bu, həftənin əvvəlində iki ölkədən deportasiya edilən 17 min miqrantdan əlavədir.

Eyni zamanda, İranda əfqan mühacirlərə qarşı yeni mənfi münasibət dalğası başlayıb. Bu, ötən həftəsonu Tehranda İran vətəndaşının öldürülməsindən sonra baş verib. Ehtimallara görə, İran vətəndaşı üç əfqan mühacir tərəfindən öldürülüb. Son bir neçə ayda İran və Pakistandan deportasiya edilən bir çox miqrant iki ölkə polisindən onlara qarşı rəftardan şikayətlənib.

Pakistan və İran rəsmiləri əfqan miqrantlara qarşı pis rəftarla bağlı iddiaları dəfələrlə rədd edərək, onlarla beynəlxalq hüquqa uyğun davranmağı və əfqanları sənədsiz deportasiya etməyi qanuni haqları hesab etdiklərini bildiriblər.