ABŞ rejimi, bazar ertəsi gecəsi Hörmüz boğazı üzərində "Apache" helikopterinin qəzaya uğramasını bəhanə gətirərək, 10 iyun gecəsinin ilk saatlarında ölkənin cənub bölgələrinə hücumlar həyata keçirib. Bu hücumlar BMT Nizamnaməsinin, xüsusilə də 2-ci maddəsinin 4-cü bəndinin və beynəlxalq münasibətlərdə güc tətbiq edilməməsinə dair fundamental qaydanın açıq şəkildə pozulmasıdır. ABŞ-ın hakim dairələri bu təcavüzkar addımları ilə öz cinayətkar və müharibəpərəst mahiyyətini bir daha nümayiş etdirib.
Hafta.az yazır ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd edilir ki, “ABŞ-ın İrana qarşı hərbi təcavüzünə, ölkəmizin milli suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasına cavab olaraq, İran İslam Respublikasının Silahlı Qüvvələri legitim müdafiə hüququ çərçivəsində, ABŞ-ın regiondakı və bu təcavüzlərin mənbəyi olan hərbi baza və aktivlərinə sarsıdıcı zərbələr endirib”.
Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı hərbi təcavüz cinayətini qətiyyətlə pisləməklə yanaşı, regionun bütün ölkələrinin, xüsusilə də Fars körfəzinin cənub sahilində yerləşən dövlətlərin hüquqi və mənəvi məsuliyyətini bir daha xatırladır. Bu məsuliyyət, ABŞ-ın terrorçu ordusunun və sionist rejimin İrana qarşı təcavüzkar hərəkətlərin planlaşdırılması, təşkili, icrası və logistik dəstəklənməsi üçün öz ərazi və imkanlarından hər hansı bir formada istifadə etməsinə icazə verilməməsini nəzərdə tutur. Xəbərdarlıq edilir ki, İran özünün təbii müdafiə hüququnu həyata keçirməkdə, o cümlədən hücumların çıxış nöqtələrini, habelə İrana qarşı təcavüzkar əməliyyatların icrası və dəstəklənməsi üçün istifadə olunan hərbi baza və logistik resursları hədəfə almaqda heç bir tərəddüd etməyəcək.
“İran Xarici İşlər Nazirliyi, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, eləcə də təcavüzkar tərəflərin cavabdehlik daşıması üçün Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də bu təşkilatın Təhlükəsizlik Şurasının və Baş katibinin üzərinə düşən vəzifə və məsuliyyəti bir daha vurğulayır”, - bəyanatda qeyd olunur.