Paşinyanın qələbəsi Ermənistanın xarici siyasətinə necə təsir edəcək?

10:33 10.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nikol Paşinyanın qələbəsi Ermənistanı Rusiyadan daha da uzaqlaşdıra bilər. 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,81 faizini qazanaraq 105 yerdən 61-ni əldə edib.

Hafta.az yazır ki, iş adamı Samvel Karapetyanın Güclü Ermənistan təşkilatı səslərin 23,29 faizini, keçmiş prezident Robert Köçəryanın Ermənistan Alyansı 9,94 faizinivə Çiçəklənən Ermənistan Partiyası isə 4 faizini toplayıb.

Seçkilərdən sonra verdiyi açıqlamada Paşinyan rəqiblərini "müharibə qızışdıran üçlük" adlandıraraq xalqın səsləri ilə "müstəqillik, gələcəyi və sülhü iddia etdiyini" söyləyib.

Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyendən və ABŞ prezidenti Donald Trampdan təbrik mesajları alan Paşinyan əlavə edib ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyindəki üzvlüyünü qoruyub saxlayarkən Qərblə münasibətlərini dərinləşdirməyə davam edəcək.

Lakin müxalifət lideri Köçəryan seçkilərdə qanun pozuntularının olduğunu iddia edərək nəticələrə etiraz edəcəklərini açıqlayıb.

Bazar günü keçirilən səsvermə, Dağlıq Qarabağın 30 illik münaqişədən sonra 2023-cü ildə Azərbaycanın nəzarəti altına keçməsindən bəri keçirilən ilk milli seçkidir.

"The Guardian"ın təhlilinə görə, müxalifət bu məğlubiyyəti Paşinyanın uğursuzluğunun sübutu kimi göstərməyə çalışaraq baş naziri "tarixi Ermənistan torpaqlarını düşmənlərə təhvil verməkdə" günahlandırıb.

Digər tərəfdən, Paşinyan bu məsələdən siyasi sövdələşmə vasitəsi kimi istifadə edərək, Dağlıq Qarabağ məsələsinin ölkəni sonsuz münaqişəyə sürüklədiyini və Rusiyadan asılılığını artırdığını iddia edib.

Rusiyanın Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verməməsi Kreml-İrəvan münasibətlərində də gərginliyi artırıb. Təhlilə görə, seçki nəticələri göstərir ki, Paşinyan Moskvanın xəbərdarlıqlarına baxmayaraq, Avropa ilə daha dərin inteqrasiya istəyir.

Həmçinin bildirilir ki, Paşinyanın əli Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması kimi addımlar atmaq üçün gücləndirilib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da seçkilərdən sonrakı açıqlamasında "Türkiyə ilə tam normallaşmanın yaxın gələcəkdə əldə ediləcəyinə inandığını" bildirib.

CNN Ermənistan seçkilərini "ölkənin xarici siyasətinin istiqaməti ilə bağlı referendum" kimi təsvir edir. Rusiya lideri Vladimir Putinin seçkiqabağı açıqlamasında Ermənistanla Ukrayna arasında çəkdiyi paralelliyə də diqqət çəkilir. Putin Ukraynadakı problemlərin Kiyev hökumətinin Avropa Birliyinə qoşulmaq istəyi ilə başladığını irəli sürmüşdü.

Ermənistan Amerika Universitetindən tarixçi Vahram Ter-Matevosyan Paşinyanın Moskva ilə münasibətləri kəsmək əvəzinə, tarazlıq siyasəti yürütmək istədiyini deyir. O, həmçinin vurğulayır ki, Ermənistan ictimai rəyi Dağlıq Qarabağın Azərbaycan tərəfindən ilhaq edilməsinə laqeydliyinə görə Avropanı tənqid edir.