Həmas Hərəkatının şənbə günü İsrailə qarşı başlatdığı qəfil hücum və qarşı tərəfin cavabı nəticəsində indiyədək 1100-dən çox insan həyatını itirib. Qəfil hücum bütün diqqətləri İranın dəstəklədiyi Həmas Hərəkatına yönəldib.
Hafta.az-ın yazdığına görə, ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İran sentyabrda ABŞ-la imzalanan məhbus mübadiləsi sazişi çərçivəsində blokdan çıxarılan 6 milyard dolların bir dollarını belə xərcləyə bilməyib. ABŞ-ın indiyədək İsrailə qarşı son hücumun arxasında İranın olduğuna dair heç bir dəlilə rast gəlmədiyini bildirən Blinken, Qəzza zolağına rəhbərlik edən Həmas Hərəkatı ilə İranın dərin əlaqələrinə diqqət çəkib.
ABŞ prezidenti Co Baydenin avqustda təsdiqlədiyi kompleks məhbus mübadiləsi sazişinin təfərrüatları açıqlanıb. Razılaşma İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollarının blokadasının götürülməsi müqabilində Tehran tərəfindən həbsdə olan 5 ABŞ vətəndaşının azad edilməsini, həmçinin ABŞ-da saxlanılan 5 iranlının ölkədən çıxmasını nəzərdə tuturdu.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə İranın neft ixracına hərtərəfli embarqo və İranın bank sektoruna tətbiqlənən sanksiyalardan sonra 2019-cu ildə İranın 6 milyard dollarlıq neft gəlirləri Cənubi Koreya banklarında dondurulmuşdu.
İndependent Arabia-nın xəbərinə görə, pul İrana göndərilməyib. Cənubi Koreyadan Qətərə köçürülən vəsait Qətər Mərkəzi Bankının nəzarətinə verilib.
Bazar günü CNN-in "Birliyin vəziyyəti" proqramında danışan Blinken, "Bu pula ABŞ vergi ödəyicilərinin dollarlarının daxil olmadığı bir həqiqətdir. Bunlar İranın neft satışından topladığı və Cənubi Koreyadakı banka yatırdığı vəsaitlərdir” deyib.
İranla bağlanan məhbus mübadiləsi müqaviləsinin şərtlərinə görə, pulun yalnız humanitar məqsədlər üçün istifadə oluna biləcəyini deyən Blinken, bunun İrandan kənardan gətirilən ərzaq məhsulları və digər malların alınmasını da əhatə edə biləcəyini bildirib. Digər tərəfdən, ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson ötən ilin sentyabrında beş ABŞ vətəndaşının azad edilməsi ilə bağlı qaydalar çərçivəsində Dohada məhdudlaşdırılan hesablara yatırılan bütün İran vəsaitlərinin Dohada qalacağını açıqlayıb. Bu vəsaitdən indiyə qədər bir dollarının belə xərclənmədiyini ifadə edən Nelson, “Bu məhdudlaşdırılan vəsaitlər İrana gedə bilməz və yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər” deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü, razılaşma üzərində ciddi iş aparıldığı üçün İranın bu vəsaitlərdən istifadə etməyə başlamasının bir neçə ay çəkə biləcəyini bildirib və deyib: “Dəfələrlə dediyimiz kimi, Tehran bu vəsaiti ancaq ərzaq almaq üçün istifadə edə bilər. İran xalqı üçün dərmanlar, tibbi cihazlar və kənd təsərrüfatı məhsulları idxal olunur”.
ABŞ-da 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq üçün mübarizə aparan respublikaçıların çoxu Baydenin İranla razılaşmasını Həmas-ın şənbə günü İsrailə qəfil hücumu ilə əlaqələndirməyə çalışıb. Bəziləri Bayden və ABŞ vergi ödəyicilərinin İsrailə hücumları maliyyələşdirdiyini iddia edirdilər.
Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün mübarizə aparan adlardan biri, Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli deyib ki, İrana istənilən məsələdə bu vəsaitləri əldə etmək imkanı verilməsi büdcənin vəziyyətini yaxşılaşdırır və başqa məqsədlər üçün istifadə oluna biləcək vəsaitlərə qoyulan məhdudiyyətləri aradan qaldırır.