İranın dəstəklədiyi şiə qrupların təsiri altında olan Bağdad rəhbərliyi ölkənin cənub şəhəri Bəsrədəki tarixi sünni məscidini “yol genişləndirmə işləri” səbəbilə söküb.
Hafta.az-ın yazdığına görə, hökumət qüvvələri tərəfindən tikinti texnikası ilə dağıdılan Siraci məscidi 1727-ci ildə tikilib. Məscid əvvəllər zədələnib dağıdılıb, sonra bərpa edilsə də, 11 metrlik minarəsi orijinallığını qoruyub saxlayıb. Söküntü zamanı minarə də tamamilə dağılıb.
Hökumət rəsmiləri məscidin yenidən tikiləcəyini iddia ediblər.
İyulun 14-ü cümə günü səhər saatlarında baş verən dağıntı bölgədəki müsəlmanların reaksiyasına səbəb olub.
Bəsrə valisi Esad əl-Eydaninin məscidin sökülməsi qərarını ölkənin mədəniyyət naziri Əhməd Fəkak əl-Bedrani pisləyib.
Amma vali Eydani bölgədəki tıxacın qarşısını almaq üçün sökməyə qərar verdiyini açıqlayıb.
İraq şiələrinin sıx yaşadığı Bəsrə İranın dəstəklədiyi şiə hərəkatlarının aktiv şəkildə mövcud olduğu bölgə kimi tanınır. Söküntü qərarının ərazinin “sünni əhalisini təmizləmək” planlarının bir hissəsi olduğu güman edilir.
2003-cü ildə ABŞ-ın işğalından sonra şiə qruplarının və İranın İraqda təsiri artdı. Bundan sonra sünni xalqa qarşı repressiya və köçürmə siyasətlərində nəzərəçarpacaq dərəcədə artımlar olub.