İrəvanda separatçıların qara günləri başlayıb

20:01 06.07.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda keçmiş separatçı rejimin qalıqlarına qarşı əməliyyatlar davam edir. Bir müddət əvvəl qondarma rejimin "merləri" Paşinyan tərəfindən həbs olunaraq zərərsizləşdirilmişdisə, indi hədəfdə separatçıların sonuncu "rəhbəri" Şahramyandır. Bir neçə gün əvvəl xüsusi təyinatlılar onun avtomobilini müsadirə ediblər. Maraqlısı budur, saxlanılanların hamısı Ermənistan daxilində ictimai-siyasi sabitliyi pozmaqda, dəqiq desək elə öz xislətlərinə uyğun siyasi separatizmdə ittiham olunurlar. Lakin nədənsə Qərb bu separatçıları "siyasi xadim", "siyasi məhbus" kimi tanımır, yaxud tanımaq istəmir. Əksinə, Azərbaycanda saxlanılaraq törətdikləri hərbi və bəşəri cinayətlərə görə məhkəmə qarşısına çıxmağı gözləyən quldurları isə "siyasi məhbus" adlandıraraq azad edilməsini tələb edir.   

Məlumdur ki, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Samvel Şahramanyanın “xidməti avtomobili” Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar müsadirə olunub. İstintaq Komitəsi avtomobilin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işi çərçivəsində müsadirə olunduğunu bildirib. Bu ilin fevralında Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Deputat Məlahət Həsənova bildirir ki,  Ermənistan tək ermənilərdən və Paşinyanın rəhbərlik etdiyi iqtidardan ibarət deyil. Onun sözlərinə görə, Ermənistanın daxilində və xaricində 200 ildən artıqdır Azərbaycan və Türkiyəyə qarşı cinayət törədən erməni projesinin daşıyıcıları mövcuddur:

“Bu gün erməni keşişin rəhbərliyi ilə gedən proses ilk deyil. Erməni xalqı hər zaman öz kilsələrinin keşişlərinin, öz “liderlərinin”, “ideoloqlarının” qurbanı olublar. Erməni xalqının da Türkiyə və Azərbaycana qarşı fitnəkar, mənfur siyasəti həmişə erməni kilsəsində hazırlanıb. Onların rəhbəri də həmişə kilsədəki keşişlər olub. Ona görə də  Ermənistanda Serj Sarkisyan, Koçaryan kimi qatillər yetişib. Onların qatil dəstəsində olan adamlar, hətta Ermənistandan kənarda yaşasalar da, əməlləri ilə hələ də Ermənistanda pozucu proseslər törədirlər. Erməni xalqının da beyni həmin o “ideoloqlar”ın, keşişlərin sayəsində neçə illərlə zəhərlənib. Onlarda elə bir sağlam mühit yoxdur ki, yeni doğulan uşaq sağlam ideologiya ilə böyüsün. Ermənistanın televiziya kanallarında, məktəblərində Azərbaycan və Türkiyəyə qarşı nifrət aşılanır.  Paşinyan öz xalqını bu cür pozucu qüvvələrdən təmizləməyə çalışsa da, bu mümkün deyil. Paşinyan özü də müsahibələrində dəfələrlə qeyd edib ki, erməni xalqının beyni o qədər zəhərlənib ki, reallığı görə bilmirlər. Anlamırlar ki, artıq 44 günlük müharibə həm onların 200 illik projelərini alt-üst etdi, həm də bu müharibə Ermənistan xalqının oyanması üçün bir dərsdir.

Ermənistanın içərisində cinayət hadisələri, pozuculuq prosesləri hələ davam edəcək. Bu mənada Samvel Şahramanyanın da törətdiyi məlum cinayət gözlənilən idi. Qarabağ onlar üçün vətən deyildi. Əgər vətən hesab etsəydilər, orada infrastruktur yaradardılar, daha da inkişaf etdirərdilər. Qarabağ onlar üçün bir narkotrafik, terrorçuların bazası idi. Bütün beynəlxalq təşkilatlar da sübut edib ki, Qarabağ onlar üçün ən çox çirkli pul qazanılan, transmilli mütəşəkkil cinayət məkanı idi. Şahramanyan, eləcə də Sarkisyan, Köçəryan və bu gün Azərbaycanın həbsxanasında yatan erməni cinayətkarlar da bu cinayət yolları ilə qazanc əldə ediblər”.

Politoloq Tofiq Abbasov bildirir ki,  Azərbaycan dövlətinin məsələyə yanaşması tam şəffafdır, bəllidir:

“Belə ki, separatçılarla heç bir danışıqlara gedə bilməzdik, getmədik. Onların dərsini mübarizə meydanında, antiterror tədbirlərində verdik. Separatçılar törətdikləri cinayətlərə görə layiqli cəzalarını almalıdırlar. Qərb dairələri və ermənilərin radikal qüvvələri separatçıları alver predmetinə çevirir və bu zəmində beynəlxalq qüvvələri Azərbaycanın üzərinə qaldırmağa çalışırlar. Bu gün guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirir və başqa cəfəngiyyatlar uydururlar. Aydın məsələdir ki, ölkəmiz mülki erməniləri Qarabaq bölgəsindən çıxarmayıb. Ermənilər özləri könüllü şəkildə müharibədən sonra ərazini tərk ediblər. Faktlar sübut edir ki, onlardan “Niyə gedirsiniz?” – deyə soruşanda, bildiriblər ki, Şahramanyanın əmri ilə Azərbaycan ərazilərini tərk edirlər. Erməni vətəndaşlar hamısı getmədilər, qalanlar isə cinayətlərdə əli olmayanlardır. Gedənlərin isə əlləri qana batan, cinayətlər törədənlərdir. Onlar qorxularından Azərbaycanı tərk etdilər. İndi də hakimiyyətlə radikal qüvvələr arasında bir alət olaraq istifadə olunurlar”.

T.Abbasov qeyd edir ki, Bakı təcridxanasında oturan qondarma eks-prezidentlərin, separatçıların azad olunması ilə bağlı Qərbin təşəbbüsləri kökündən yanlışdır. O, hesab edir ki, Qərbin havadarlığına baxmayaraq həbs olunan erməni separatçılar Azərbaycan qanunvericiliyi qarşısında cavab verməlidirlər.

“Separatçılar tezliklə məhkəməyə çıxarılaçaqlar. Terrorçu Vaqif Xaçaturyanın aqibətini digəriləri də yaşamalıdır. Onlar Azərbaycanın qarşısında cinayətkar, terrorçudurlar. O radikallarla bağlı heç kəs Azərbaycan hakimiyyətinə təzyiq göstərə bilməz”.

T.Abbasov Paşinyanın təzyiqlər qarşısında olduğunu bildirib. Onun sözlərinə görə, Paşinyan radikal qüvvələri tərk-psilah etmək istəyir. Yaxşı başa düşür ki, Qarabağdan gələn ermənilər Ermənistan daxilində və xaricdən idarə olunan bəzi qrupların qulluğundadır, onların təsiri ilə hərəkət edir. Xaricdən bəzi mərkəzlərin fətvası, maliyyə dəstəyi ilə hərəkət edir, qanunsuz işlərlə, narkotik daşımaları ilə məşğul olur, bir çox məsələləri öz xeyrilərinə həll etməyə çalışırlar. Onun fikrincə, Paşinyan anlayır ki, həmin qruplar daxildə hər an partlamağa hazır olan minalardır və onları vaxtında zərərsizləşdirmək vacibdir".