İspaniya internetdə porno məzmuna girişi idarə etmək üçün yeni təcrübə tətbiqləmək qərarına gəlib.
Hafta.az-ın “Politico”ya istinadən yazdığına görə, internetdə porno məzmuna giriş yeni tətbiq çərçivəsində hazırlanmış “Rəqəmsal Pul kisəsi” vasitəsilə mümkün olacaq. Bu proqram təminatına daxil olan istifadəçilərdən 18 yaşdan yuxarı olduqlarını müəyyən etmək üçün şəxsiyyət məlumatlarını paylaşmaları istəniləcək.
İspaniyanın Rəqəmsal Transformasiya Nazirliyi tərəfindən hazırlanan tətbiqdə şəxsiyyəti təsdiqlənən istifadəçilərin hesablarına aylıq 30 kredit ayrılacaq.
Porno saytlara giriş tələb edildikdə, proqram tərəfindən yaradılan QR kodu skan ediləcək və saytlara müəyyənləşdirilmiş kreditlərdən istifadə etməklə daxil olmaq olar.
Nazirlik bazar ertəsi verdiyi açıqlamada bu tətbiqin ilkin olaraq İspaniyadan yayımlanan porno saytlar üçün keçərli olacağını bildirib. Bununla belə, gələcəkdə proqramın əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğu bildirilib.
Madrid administrasiyasının bu addımı internetə daha sərt nəzarət üçün kampaniya aparan anti-pornoqrafiya təşkilatı Dale Una Vuelta tərəfindən uşaqların böyüklər üçün məzmuna çıxışı ilə bağlı dərc olunan statistikadan sonra atılıb. Bu məlumatlara görə, 15 yaşdan kiçik uşaqların demək olar ki, yarısı porno filmlərə asanlıqla daxil ola bilir.
İspaniyanın baş naziri Pedro Sançez məlumatlarla bağlı açıqlamasında "Bununla bağlı tədbir görürük. Statistika vəziyyətin çox pis olduğunu göstərir" deyib.