İspaniyanın baş naziri yay tətili üçün Mərakeşi seçdi  

10:45 04.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın baş naziri və Sosialist İşçi Partiyasının (PSOE) lideri Pedro Sançez, partiyasının Xalq Partiyasından (PP) sonra ikinci olduğu ümumi seçkilərdən bir neçə gün sonra - çərşənbə axşamı günü xüsusi tətil üçün Mərakeşə gedib.

Hafta.az-ın yazdığına görə, Sançez ailəsi ilə birlikdə Mərakeş şəhərindəki Məscid-el-Fenna meydanını protokolsuz ziyarət edib. Yerli mətbuatda yayılan xəbərlərdə Sançezin Madriddən işgüzar səfərə gəldiyi və yay tətilini öz şəxsi büdcəsi hesabına Mərakeşdə keçirəcəyi diqqət çəkib. Məlumata görə, Sançezin Şərifiyyədəki otellərdən birində qalarkən aldığı ilk suvenir Məscidül-Fenna Meydanındakı bir mağazadan Mərakeş Milli Futbol Komandasının forması olub.

Qeyd edək ki, Mərakeş milli futbol komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında İspaniya millisini mübarizədən kənarlaşdırıb.

İspaniya mətbuatı da Sançezin ailəsi ilə birlikdə tətildə olduğu Mərakeş səfərinə geniş yer verib.

“La Sexta” və EFE xəbər agentlikləri hökumət mənbələrinə istinad edərək, Sançezin ailəsi ilə birlikdə bir neçə günlük tətil üçün Mərakeşə getdiyini bildirib. Bildirilir ki, baş nazir yeni siyasi dövrə başlamazdan əvvəl ailəsi ilə birlikdə bir az dincəlmək istəyir.

EFE xəbər agentliyi bunun tamamilə özəl səfər olduğunu, bütün ödənişlərin Sançezin öz hesabından ödənildiyini vurğulayıb.

İspaniyanın keçmiş baş nazirləri Xose Luis Rodriges Zapatero və Felipe Qonzales də Mərakeşdə istirahət ediblər. Lakin 2012-ci ildə Zapatero vəzifəsini tərk etdikdən sonra İspaniyanın heç bir baş naziri Mərakeş tətilinə getməyib. 2011-ci ildə Zapatero Yeni il gecəsini ailəsi ilə birlikdə Mərakeşin şimalındakı Tanjerdə keçirib. Onu İspaniyanın xarici işlər naziri Trinidad Ximenes müşayiət edib.

Sançezin qırmızı şəhər Marakeşə səfəri yerli sakinlər tərəfindən maraqla izlənilib. Onun səfəri ilə bağlı yayılan paylaşımlardan birində “Tanjerdən La Güera qədər Mərakeş dövləti və xalqı sizi salamlayır, gözəl bayram arzulayır” vurğulanıb.

Mərakeş-İspan münasibətləri 2022-ci ilin aprelindən bəri ən yaxşı vəziyyətdədir. Sançez hökumətinin timsalında İspaniya Mərakeşin Səhra məsələsində mövqeyini dəstəkləyir.

Siyasət rubrikasından digər xəbərlər