Fransa xəbər agentliyi AFP, təxminən bir ildir davam edən Qəzza müharibəsinin İsrail iqtisadiyyatına böyük yük qoyduğunu yazır. Təhlildə qeyd olunur ki, İsraildə "yoxsulluq “Həmas”la toqquşmaların baş verdiyi bölgələrdən uzaq olanları da təhdid edir".
Hafta.az-ın yazdığına görə, İsrailin baş naziri Binyamin Netanyahunun mübahisəli məhkəmə islahatlarına qarşı genişmiqyaslı etirazlarla iqtisadiyyatın zəiflədiyi, daha sonra isə oktyabrın 7-də Həmas-ın “Əqsa tufanı” əməliyyatı ilə başlayan Qəzza müharibəsi ilə vəziyyətin daha da pisləşdiyi bildirilir.
Yerusəlim İvrit Universitetindən iqtisadçı Jak Bendelak münaqişələrin davam edəcəyi təqdirdə tənəzzül riskinə diqqət çəkir və İsrail iqtisadiyyatının vəziyyəti ilə bağlı aşağıdakı qiymətləndirmələri bölüşür: “İsrailin iqtisadiyyatı güclü ola bilər, lakin indi bu çox uzun müharibəyə tab gətirməkdə çətinlik çəkir”.
Rəsmi məlumatlara görə, 2023-cü ilin 4-cü rübündə 21 faiz azalan İsrailin ümumi daxili məhsulu bu ilin ilk üç ayında 14 faiz bərpa olunub. Bununla belə, ikinci rübdə artım 0,7 faiz səviyyəsində dayanıb.
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, Qəzzada davam edən müharibə səbəbindən avqustda İsrailin kredit reytinqini "A+"dan "A-"a endirib. Təşkilatın açıqlamasında müharibənin 2025-ci ilə qədər davam edə biləcəyi və digər cəbhələrə yayılma riski daşıdığı qiymətləndirilib.
İqtisadçı Bendelak qeyd edir ki, yüksək yaşayış xərcləri və iqtisadi yavaşlama “qaçılmaz olaraq yoxsulluğun artması ilə nəticələnir”.
AFP-nin təhlilində xüsusilə turizm, tikinti və kənd təsərrüfatı sektorlarının “bir-birinin ardınca qan itirdiyi” qeyd edilir.
Təl-Əvivdə göydələn layihələri və nəqliyyat infrastrukturu işlərinin yarımçıq qaldığı bildirilərkən, turizmin “dibə vurduğu” şərhi paylaşılır.
İsrail Turizm Nazirliyinin məlumatına görə, ölkə yanvar-iyul ayları arasında 500 min turist qəbul edib. Lakin bu rəqəm ötən ilin eyni dövründəki turistlərin sayının yalnız dörddə birinə uyğundur.
Qəzza müharibəsi səbəbilə Təl-Əviv rəhbərliyi fələstinlilərə verdiyi iş icazələrini də dayandırıb.
İsrailin işçi haqları təşkilatı Kav LaOved müharibədən əvvəl təxminən 100 min fələstinliyə iş icazəsi verildiyinə, bu insanların tikinti, kənd təsərrüfatı və sənaye sektorlarında əhəmiyyətli iş yerləri yaratdığına diqqət çəkir.
Təşkilat bildirir ki, müharibə ilə birlikdə yalnız 8 min fələstinli işçi zəruri hesab edilən fabriklərdə işləmək üçün bu qadağadan azad edilib.
İsrailin bəzi bölgələrində yardım təşkilatları da əhaliyə qida dəstəyi verir. Pitchon-Lev qeyri-hökumət təşkilatının qurucusu Eli Koen deyir ki, onlar müharibə başlayandan bəri fəaliyyətlərini ikiqat artırıblar.
Koen ölkə daxilində təxminən 200 min ailəyə dəstək verdiklərini və son vaxtlar Hizbullah-la İsrail ordusu arasında qarşıdurmaların artması ilə Livan sərhədindəki israillilərin də ərzaq yardımı üçün müraciət etdiklərini qeyd edir.